FHN-də Heydər Əliyevə həsr olunmuş təntənəli mərasim - FOTO

FHN-də Heydər Əliyevə həsr olunmuş təntənəli mərasim - FOTO
Mayın 10-da Fövqəladə Hallar Nazirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə təntənəli mərasim keçirilib. 
 
 
Sfera.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, nazirliyin kollektivi Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, Ulu Öndərin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül-çiçək dəstələri qoyublar.

Sonra Fövqəladə Hallar Nazirliyinin inzibati binasında keçirilən mərasim Dövlət Himninin səslənməsi ilə başlanıb.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin həyat yolundan, tarixi xidmətlərindən danışaraq qeyd etmişdir ki, ölkəmizin bugünkü inkişafına və çiçəklənməsinə görə Dahi Rəhbərə borcluyuq. Cəmiyyətin bütün sahələrindəki intensiv inkişafın əsası Ulu Öndərin istər 1969-72-ci illərdə ölkəmizə rəhbərlik etdiyi illərdə, istər 1982-87-ci illərdə SSRİ rəhbərliyində təmsil olunduğu vaxt, istərsə də 1993-cü ildən sonrakı fəaliyyəti dövründə atdığı möhkəm özüllərin sayəsində qoyulmuş, Azərbaycan Respublikası regionun iqtisadi cəhətdən qüdrətli dövlətinə, beynəlxalq birliyin nüfuzlu üzvlərindən birinə çevrilmişdir. Nazir xüsusilə vurğulamışdır ki, hələ SSRİ vaxtında Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri olmuş, nəticədə böyük tarixi şəxsiyyət bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarını məharətlə qorumuşdu.
 

Ulu öndərin "Nə qədər ki, Azərbaycan var, mən də varam" sözlərini xatırladan nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Ümummilli Liderin şah əsəri olduğunu deyərək bildirib ki, cəmiyyətimizin bütün sahələrində Heydər Əliyevin izlərini görmək mümkündür və heç şübhəsiz ki, gələcək nəsillər də Dahi Rəhbərin böyük və misilsiz xidmətlərini dərin ehtiramla yad edəcəkdir. Azərbaycanın siyasi, iqtisadi inkişafı, cəmiyyət və dövlət həyatının bütün sahələrində qazanılmış böyük nailiyyətlərin Heydər Əliyevin müdrik siyasi kursunun davam etdirilməsi nəticəsində əldə olunduğuna diqqəti çəkən nazir möhtərəm Prezident İlham Əliyevin sözügedən xəttin alternativsiz davamçısı olduğunu nəzərə çatdırıb. Məhz İlham Əliyevin düşünülmüş və hərtərəfli siyasəti nəticəsində Azərbaycan Respublikası bütün dünyada regionun qüdrətli dövləti, iri investor şirkətlərini özünə cəlb edən dayanıqlı inkişafa malik bir ölkə kimi tanınır.

Fövqəladə hallar naziri bildirib ki, Ümummilli Lider digər sahələrdə olduğu kimi təbii və texnogen xarakterli fəlakətlərdən əhalinin etibarlı mühafızəsinin təşkil olunması üçün də konkret işlər görmüş, müasir xilasetmə texnika və avadanlıqlarının alınmasını, xilasedici mütəxəssislərin hazırlanmasını diqqət mərkəzində saxlamış, bu sahədə mühüm qərarlar qəbul etmişdir. Qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin yaradılması da Ulu Öndərin ideyası olub və 2005-ci ildə möhtərəm Prezident İlham Əliyev bu ideyanı yüksək səviyyədə gerçəkləşdirərək mükəmməl hüquqi-normativ bazaya malik, maddi-texniki avadanlıqlarla təchiz olunmuş, müasir standartlara uyğun qurum yaradıb.
 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün böyük tarixi şəxsiyyətin irsini yaşadıb təbliğ edərək bütün dünyaya tanıdan Heydər Əliyev Fondunun və onun rəhbəri Azərbaycanın birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xidmətlərindən danışıb.
Çıxışının sonunda nazir Kəmaləddin Heydərov əminliklə vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını müstəqil respublikamızın yüksəlişi, tərəqqisi naminə səfərbər edəcək.
Mərasimdə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli Ümummilli liderin anadan olmasının 95 illiyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə eyni ilə vaxta təsadüf etdiyini vurğulayaraq bildiib ki, Heydər Əliyev ömrünün yarısından çoxunu dövlətçilik ənənələrinin qorunmasına, dövlət quruculuğuna həsr etmiş, onun titanik fəaliyyəti bu ənənələrin davamı və dövlətin əbədi olmasına yönəlib.  Natiq Ümummilli liderin ölkəmizdə demokratik təsisatların və hüquqi dövlətin qurulması ilə bağlı aparılan islahatları xatırladaraq məhz Dahi Rəhbərin uzaqgörənliyi nəticəsində müxtəlif xarici təhdidlərə və təhlükələrə baxmayaraq, Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin təmin olunduğunu, iqtisadi uğurların əldə edildiyini söyləyib. 
 

OXŞAR XƏBƏRLƏR