“Azərbaycan Avropa Şurası ilə münasibətlərə yenidən baxmalıdır” – Deputat

“Azərbaycan Avropa Şurası ilə münasibətlərə yenidən baxmalıdır” – Deputat
Milli Məclisin deputatı Musa Urud Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qəbul etdiyi "korrupsiya hesabatı” adlanan sənədə sərt etirazını bildirib.

Deputat Sfera.az-a açıqlamasında deyib ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı son qərarı bu təşkilatı ifşa və biabır edib:

"Yəni, bu qərar heç bir həqiqətə uyğun deyil, tənqidə dözümsüzlüyün nümunəsidir. Sözügedən qərarın kökünün haradan qaynaqlanması da bizə məlumdur. Bu qərar Azərbaycanı güclü dövlət kimi görmək istəməmək, müsəlman-türk müstəqil respublikasının inkişafını ləngitmək, Azərbaycanı regionda olan dövlətlərə qarşı qoymaq və digər istəkləridir. Hesab edirəm ki, sözügedən qətnamə AŞPA-nın üzvü olan deputatların xoş niyyətindən xəbər vermir”.

Musa Urud Azərbaycan ictimaiyyətinin sözügedən qərara etiraz etdiyini söyləyib:

"Azərbaycan hökuməti də bu qərara adekvat addımlar atmalıdır. Düşünürəm ki, Azərbaycan Avropa Şurası ilə münasibətlərin səviyyəsinə baxmalıdır. Yəni, bu münasibətləri aşağı da salmaq olar. Yəqin ki, Milli Məclisin iclasında da bu məsələyə münasibət bildiriləcək, deputatlarımız öz fikirlərini deyəcəklər. Biz onlara adekvat olaraq öz bəyanatımızı göndərməliyik və münasibətlərin səviyyəsinin aşağı salınması haqqında düşünməliyik. Çünki AŞPA Azərbaycan haqqında çox ədalətsiz qərar qəbul edib. Baxmayaraq ki, bu yaxınlarda Azərbaycanda çox ədalətli və demokratik prezident seçkiləri keçirilib, xalq böyük coşqu ilə öz prezidentini seçib və seçkiləri müşahidə etmək üçün Avropa ölkələrindən də deputatlar gəlmişdi. Belə olan halda bu cür qərarın qəbulu, ağ gördükləri məsələni qara yazmaq çox böyük vicdansızlıqdır”.

Deputat Avropa Şurası ilə münasibətlərə yenidən baxılmasını təklif edib:

"Bizə Avropa Şurası nə qədər lazımdırsa, onlara da Azərbaycan o qədər vacibdir. Biz Avropa Şurası üçün ölmürük. Mən münasibətləri tam kəsməyin də tərəfdarı deyiləm. Ancaq Avropa Şurası ilə münasibətlərin səviyyəsini aşağı salmaq, təşkilatın iclaslarına ara-sıra qatılmaq və Azərbaycan nümayəndə heyəti olaraq az deputatla getmək olar. Bunun öz formaları var. Biz bu məsələlərə baxmalıyıq və öz narazılığımızı Avropa Şurasına çatdırmalıyıq. Hər halda Azərbaycan onların qarşısında aciz dövlət deyil. Bizim dövlətin kifayət qədər gücü, özünü müdafiə etmək və həqiqətləri söyləmək imkanları var”.

Orxan Bəşirov 
Sfera.az

OXŞAR XƏBƏRLƏR