Bu xəstəxanalarda yanğın çıxışı yoxdur – ŞOK MƏLUMAT

Gündəm
12:19 / 02.03.2018
4116
Xəbər veridiyimiz kimi bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində yanğın baş verib. Hadisə nəticəsində öncə 30, daha sonra isə 24 nəfərin öldüyü deyildi.
Hadisəyə səbəb kimi şiddətli əsən külək göstərilib. Respublika Narkoloji Mərkəzində yanğın çıxışının olub-omaması isə hələlik ki, bəlli deyil.
Bu hadisə bir daha yanğına qarşı tədbirlərin heç vaxt gözardı edilməməli olduğunu göstərdi.
Sfera.az buradan yola çıxaraq Bakıda fəaliyyət göstərən dövlət xəstəxanalarında yanğın çıxışının olub-olmaması ilə maraqlanıb.
İlk olaraq 1 saylı Şəhər Kliniki Xəstəxanası ilə əlaqə saxladıq. Mərkəzdən bildirildi ki, xəstəxanada 5 yanğın çıxışı var.
Mirqasımov adına Respublika Kliniki Xəstəxanasından isə hər korpus və hər mərtəbədə ayrıca olaraq yanğın çıxışının olduğu bildirildi.
Digər əlaqə saxladığımız xəstəxanalardan aldığımız cavab isə təəccüb doğurdu.
Belə ki, Respublika Neyrocərrahiyə Xəstəxanasından bizimlə danışan əməkdaş xəstəxanda yanğın çıxışının olub-olmamasından xəbərsiz olduğunu dedi.
Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında isə vəziyyət daha da bərbaddır. Çünki bizimlə danışan xəstəxananın əməkdaşı ümumiyyətlə, yanğın çıxışının nə olduğunu bilmədi:
"Yanğın çıxışı nə olan şeydir? Bizdə elə şey yoxdur”.
Nigar Məhərrəm
Sfera.az