“Premium” və “Super” markalı benzin bahalaşdı

“Premium” və “Super” markalı benzin bahalaşdı
 Azərbaycanda "Aİ-95” ("Premium”) və "Ai-98” ("Super”) markalı benzin bahalaşıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hər iki markadan olan benzinin 1 litrinin pərakəndə satış qiyməti 0,20 manat artaraq müvafiq olaraq 1,25 və 1,50 manata çatıb.

Qeyd edək ki, hər iki makradan olan benzin ölkəmizə xaricdən idxal olunur. İdxalçılar qiymət artımını mənbə ölkələrdə (əsasən Rumıniya) bahalaşma ilə əlaqələndirir.

İdxalçılar iddia edir ki, bu markadan olan benzin sürücülərin az bir qismi tərəfindən istehlak olunur. Bundan başqa, o da vurğulanır ki, qiyməti dövlət (Tarif Şurası) tərəfindən tənzimlənən "Aİ-92” markalı benzinin və dizel yanacağında bahalaşma gözlənilmir.

Bundan öncə xəbər verdiyimiz kimi, Azərbaycanda "Aİ-98” ("Super") markalı benzinin satışı dayandırılıb. Sözügedən markalı benzinin idxalı və satışı ilə məşğul olan "SOCAR Petroleum" QSC-nin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli bildirib ki, fasilə təxminən 1 ay davam edəcək: "Artıq yanacaq sifariş verilib. Gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxtı da nəzərə alsaq, yeni yanacaq partiyası təxminən 1 ay sonra Azərbaycana gətiriləcək".


Ü. Həbibbəyli bildirib ki, "Aİ-98 Super" markalı benzinin satışının dayandırılmasına səbəb mənbə ölkədə - Rumıniyada qiymətin artmasıdır.

Şirkət rəsmisi deyib ki, "Aİ-98 Super" markalı benzin tədarük olunanadək istehlakçılar "Aİ-95 Premium" markalı benzindən istifadə edə bilərlər.

Ü.Həbibbəyli əlavə edib ki, son zamanlar "Aİ-98” ("Super") markalı benzinə tələbat artıb.

OXŞAR XƏBƏRLƏR