Əli Həsənov: "Azərbaycanın rəqabətədavamlı gənclərini formalaşdırırıq" - YENİLƏNİB

Əli Həsənov:  "Azərbaycanın rəqabətədavamlı gənclərini formalaşdırırıq" - YENİLƏNİB

Prezident köməkçisi Əli Həsənov çıxışında neftdən əldə edilən gəlir hesabına Azərbaycanın 

elmi potensialının inkişaf etdirildiyini də diqqətə çatdırıb: "Azərbaycanın rəqabətədavamlı 

gənclərini formalaşdırırıq. Xarici ölkələrdə dövlətin hesabına təhsil alan nə qədər azərbaycanlı 

var".

Sfera.az Trend-ə istinadən xəbər verir ki, Ə.Həsənov, həmçinin əlavə edib ki, dövlət bu gün

 xarici ölkələrə xeyli miqdarda kapital yatırıb: "Təkcə Türkiyə iqtisadiyyatına bizim qoyduğumuz

 və gələcək illərdə qoyacağımız 20 milyard dollara yaxın xarici kapital var. Bu kapital neftdən

 sonrakı dövrdə pul gətirəcək. Biz Türkiyədə "Petkim" müəssisəsini özəlləşdirmişik. Türkiyə

 kimya sənayesinin tələblərinin təxminən 75 faizi həmin zavod vasitəsilə ödəniləcək. 

Gəlirlərimizin cüzi bir hissəsini həmin zavoda yönəltməklə, kimya məhsulları istehsal 

edəcəyik və çox böyük gəlir əldə edəcəyik. Dövlət Neft Şirkəti - SOCAR bu gün dünyada 

əsas neft brendlərindən birinə çevrilməkdədir. Bu gün dünyanın müxtəlif ölkələrində 

özünün yanacaqdoldurma və neftayırma müəssisələrini yaradıb. Nəqliyyat-tranzit imkanları, 

bərə terminalları, gəmi zavodu və digər infrastruktur da Azərbaycan üçün çox böyük əlavə

 imkanlar yaradır. Hər il Çindən Avropaya və əksinə 300 milyon tondan çox yük daşınır. 

Azərbaycan bunun 10 faizini qəbul edib ötürə bilsə, əldə olunan gəlirlər çox böyük perspektivlər 

açacaq".

Prezident köməkçisi bildirib ki, bütün bunlara rəğmən cənab prezident həm də ölkənin bütün

 daxili resurslarının işə salınması tələbini ortaya qoyub: "Məsələn, Quba böyük, işlək əhalisi,

 münbit torpağı, dənizə çıxışı olan rayondur. Bu rayon niyə dövlətin dotasiyasında olmalıdır?

 Azərbaycan rayonlarının 90 faizi dövlətin dotasiyasında oturub mərkəzdən maliyyələşdirilir. 

Axı bu sonsuza kimi davam edə bilməz. Dövlət ancaq zəruri məsələlərin maliyyə təminatını

 öz üzərində saxlamalıdır. Rayonlar isə öz potensiallarından tam ifadə edərək, yavaş-yavaş 

dotasiyadan çıxmalıdır. Qubanın 50 faizi potensialı işə düşsə, rayonda işsiz adam qalmaz.

 Bağçılıq, meyvəçilik yerində tədarük olunsa, məhsul dünya bazarlarına çıxarılsa, rayon nəinki

 özünü təmin edər, hətta dövlətin zəruri xərclərinin bir hissəsini də öz üzərinə götürə bilər. 

Bunun üçün bütün imkanlar var, bu imkanlar işə salınmalıdır. Yerli hakimiyyət strukturları 

insanlardan gələn təşəbbüsləri dəstəklənməlidirlər. Regional birliklər yaranmalıdır. Nə vaxta 

qədər insanlar 15-20 sot torpağını çəpərləyib ailənin ehtiyacları üçün meyvə, tərəvəz 

yetişdirməklə kifayətlənəcəklər?! Artıq iqtisadiyyatın təmərküzləşməsi dövrü gedir ki, insan

 yalnız özü üçün lazım olanı eləməməlidir. Qubada 160 mindən çox əhali var. Dövlətin 

taxıl tədarükünə vəsait ayırmasını gözləmədən kənd təsərrüfatını inkişaf etdirib bu məsələni 

rayonun gücünə həll etmək olardı. Düzdür, Sahibkarlığa Yardım Milli Fondu tərəfindən 

verilən kreditlər hesabına Qubaya 20 milyondan artıq sərmayə yatırılıb. Təbii ki, bu da 

rayonda kənd təsərrüfatının, sahibkarlığın inkişafına təsir göstərib. Amma bu, yetərli deyil. 

Hər rayon, hər bölgə, hər kənd, hər qəsəbə, hər vətəndaş təşəbbüslərlə çıxış etməlidir. 

Neyləyək ki, biz özümüzü neft asılılığından qurtaraq? Biz sonrakı inkişafımızla bağlı 

daha nikbin, daha real nəticələri olan proqlamlarla çıxış etməliyik. Yəni necə edək ki, hər

 kəsin potensialından istifadə olunsun".

-----------

19:17

"Ölkəyə təxminən 200 milyard dollar sərmayə yatırılıb. Bunun təxminən 100 milyardı 

Azərbaycanın özünün sərmayəsidir, digər 100 milyardı isə xarici investorlar tərəfindən 

Azərbaycana yatırılıb".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər 

üzrə köməkçisi Əli Həsənov Qubada rayon ictimaiyyəti ilə keçirilən görüşdə çıxışı

 zamanı bildirib.

Prezident köməkçisi bildirib ki, 1994-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin 

formalaşdırdığı neft strategiyası əsasında transmilli xarici şirkətlərlə birlikdə Azərbaycanın

 enerji resurslarının işlənməsi, əsas ixrac marşrutlarının müəyyənləşdirilməsi, karbohidrogen 

ehtiyatların ixracı məsələləri həll olunub: "2004-cü ildən Azərbaycan böyük neft gəlirləri 

qazanmağa başlayıb və həmin pulların bir qismi Azərbaycanda yeni sosial-iqtisadi 

infrastrukturun yaradılmasına yönəldilib. Prezident regionların sosial iqtisadi inkişafı 

Dövlət Proqramının icrasının ikinci ilinin yekunları ilə bağlı konfransda çıxış edərək 

bildirdi ki, biz keçən müddət ərzində həmin böyük pullardan istifadə edərək Azərbaycanda 

müasir cəmiyyət, güclü iqtisadiyyat quruculuğu sahəsində və gələcək inkişafımızı

 təmin etmək üçün lazım olan hər şeyi etmişik. 2008-ci ildə Azərbaycan ümumdünya

 iqtisadi böhranı hiss etmədi, lakin bu böhranın 2015-ci ildə başlanan ikinci dalğası, 

xüsusilə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bütün dünya ölkələrinə,

 o cümlədən də Azərbaycana öz təsirini göstərir. Bununla yanaşı, hətta belə bir şəraitdə 

ötən il bizim iqtisadiyyatımız 1,1 faiz artıb, qeyri-neft sənayesində isə artın 8,4 faiz təşkil edib. 

Bu o deməkdir ki, Azərbaycan öz iqtisadiyyatını şaxələndirib, onun dayanıqlığını, davamlı

 və dinamik inkişafını təmin edib, bütün iqtisadi və sosial resursların istifadə strategiyasını

 düzgün müəyyənləşdirib. Bu gün qeyri-neft sektoru iqtisadiyyatın aparıcı istiqamətinə 

çevrilir və artıq Üumi Daxili Məhsulun 70 faizi məhz bu sektorda formalaşır. Lakin buna 

baxmayaraq, bundan sonrakı dövrdə də enerji potensialından istifadə olunacaq və bu 

istiqamətdə görülən işlər davam etdiriləcək. Qiymətindən asılı olmayaraq, neft 

Azərbaycanın dünya və Qərblə əlaqələrinin şah damarını təşkil edir".

Ə.Həsənov qeyd edib ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin 

mərkəzində yerləşən bir ölkə kimi, ötən müddətdə nəqliyyat tranzit imkanlarının 

genişləndirilməsi istiqamətində mühüm işlər görüb: "Təkcə Bakı-Tbilisi-Qars dəmir 

yolunun tikintisi və bunun da nəticəsində Şərqlə Qərbi birləşdirən Azərbaycanın 

Avropa-Asiya əlaqələrində xüsusi halqa təşkil etməsi gələcəkdə Azərbaycanın 

əsas strateji resurslarının böyük hissəsini təmin edəcək. Hazırda bu dəhliz üzrə

 işlər başlanıb. Bu ilin sonuna Bakı-Tbilisi-Qars layihəsini tam istifadəyə 

verdikdən sonra, Xəzər dənizində bərə terminallarının imkanlarını genişləndirdikdən 

sonra bu sahədən böyük gəlirlər əldə edəcəyik. Bunu da ölkənin gələcək inkişaf 

üçün istifadə edəcəyik. Bundan başqa, Azərbaycan cənub-şimal daşımalarında 

da böyük halqalardan biri kimi çıxış edir. İrandan və Fars körfəzi bölgəsindən 

gələn yüklərin Azərbaycan dəmir yolları vasitəsilə, o cümlədən Xəzər dənizindəki 

bərələr vasitəsilə Qazaxıstan, Türkmənistan və Rusiyanın dəniz limanlarına 

çatdırılması imkanlarından istifadə etmək də əsas məqsədlərimizdəndir. Bundan başqa, 

"Şahdəniz-2" mərhələsindən reallaşdıracağımız böyük miqdarda Azərbaycan

 təbii qazının Türkiyə və Avropa bazarlarına nəqli üzərində işləyirik".

Ə.Həsənov daha sonra qeyd edib ki, hazırda TANAP layihəsi icra olunur və bir 

müddət sonra böyük Azərbaycan qazını Türkiyəyə çatdıracaq ixrac boru kəməri 

işə düşəcək. Bununla da neftin qiymətinin enməsi ilə bağlı itkilərimizin böyük bir 

hissəsi kompensasiya olunacaq. Biz postneft dövrünə, yəni neftin bitməsi, neftdən

 gələn gəlirlərin dayanması dövrünə, cənab prezidentin dediyi kimi, 2030-cu illərə 

güclü, rəqabətədavamlı iqtisadi sistemlə çıxmağı planlaşdırırıq. Lakin neftin 

qiymətinin süni şəkildə, bəzi beynəlxalq proseslərin təsiri altında, bir sıra beynəlxalq

 qüvvələrin təhriki ilə aşağı düşməsi bizi bir qədər tez yaxaladı. Buna görə də 

biz burda itirdiyimiz gəlirlərin digər sahələrdə kompensasiyası taktikasını hazırlayıb

 reallaşdırırıq. Bunların sırasında da "Cənub" qaz dəhlizi, Azərbaycanın tranzit imkanları,

 habelə insan kapitalı, qeyri-neft iqtisadiyyatı və digər resurslar var. Göründüyü 

kimi potensialımız, imkanlarımız çox genişdir. Prezident İlham Əliyevin rəhbərliyi

 ilə enerji resurslarının ixracından əldə olunan gəlirlər hesabına bu potensialı 

formalaşdırmaq mümkün olub. Bütün bunlar keçən müddətdə neftdən əldə

 olunan gəlirlərin qeyri-effektiv istifadəsi barədə bəzi boğazdan yuxarı iddialara

 ən layiqli cavabdır".

Ə.Həsənov qeyd edib ki, ötən 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən

 çox artıb. 3 dəfə artım o deməkdir ki, Azərbaycanın o dövrə qədər ümumi

 daxili məhsul istehsalı 15 milyard manat təşkil edirdisə, hazırda bu, 50 

milyarddan artıqdır. Qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi 70 faizə 

çatıb.

Ə.Həsənov daha sonra bildirib ki, artıq yeni dövr başlayır: "Cənab Prezident

 son müşavirədə yeni dövrün vəzifələrini də müəyyən etdi. Bununla bağlı mən

 və digər vəzifəli şəxslər Prezidentin tapşırığı ilə regionlara səfər edir, rayon 

ictimaiyyəti ilə birlikdə həmin vəzifələri müzakirə edir, qarşıda duran işlərlə bağlı

 dövlətin mövqeyini çatdırırıq".

Ə.Həsənov deyib ki, qarşıdan gələn dövrdə Azərbaycanın inkişaf etmiş bazasına, 

infrastrukturlarına, əhalinin nikbin əhval-ruhiyyəsinə, ölkədə yaranmış demokratik 

abuhavaya, bazar iqtisadiyyatı normalarına, dövlət-vətəndaş, dövlət-sahibkar 

münasibətlərinin sağlam təməlinə söykənərək sonrakı inkişafımızı müəyyən 

etməliyik: "Cənab prezident bununla bağlı bir çox vəzifələr irəli sürüb. Bir 

neçəsini diqqətinizə çatdırıram. Azərbaycanda demokratiya yolu ilə inkişafı 

bundan sonra da davam etməlidir. Demokratiya insan təşəbbüslərinin 

dəstəklənməsidir. Hər bir insan öz düşüncəsində, beynində, öz həyatında,

 aldığı təhsildən, öz dünyagörüşündən, ətraf aləmdən mənimsədiyi bu və 

ya digər dəyərlərdən çıxış edərək cəmiyyətə müəyyən təkliflər verir, təşəbbüslərlə

 çıxış edir. Dövlətin vəzifəsi həmin təşəbbüslərin ən dəyərlilərini, inkişaf 

üçün ən yararlılarını ümumiləşdirib, proqram halına salıb həyata keçirməkdən 

ibarətdir. Buna görə də insanlardan gələn təşəbbüslər ümumdövlət təşəbbüsünün 

təməlində dayanır. İnsanlardan gələn dəstək ümumdövlət siyasətinin gücünü və 

resursunu əks eləyir".

Prezident köməkçisi qeyd edib ki, dövlətin öncül vəzifəsi əhalinin problemlərini həll 

etməkdir: "Bunun üçün dövlətin bütün resursları, idarəetmə mexanizmləri - nazirliklər,

 komitələr, şirkətlər, mərkəzi və yerli icra hakimiyyəti orqanları hərəsi öz sahəsində

 insanların iqtisadi, siyasi, sosial mədəni, ailə, məişət və digər problemlərini həll 

etməlidirlər". Dövlət iş yeri yaratmalıdır, amma bu və ya digər səbəbdən bunu etmək

 mümkün deyilsə, insanların bu sahədə qanunauyğun təşəbbüslərini dəstəkləməli 

və zəruri şəraiti təmin etməlidir. Bir sahibkar bir qrup adamı ətrafına yığıb hansısa iş 

sahəsi yarada, iş yerləri aça bilirsə, dövlət mövcud qanunvericilik çərçivəsində ona

 hərtərəfli dəstək göstərməlidir. Bir sözlə, dövlətin vəzifəsi yerlərdən gələn təşəbbüsləri 

dövlətin siyasəti və mövcud qanunlarına uyğun həyata keçirməkdən ibarətdir. Buna 

görə də yerli icra hakimiyyəti orqanları insanlardan gələn təşəbbüsləri müəyyən edib

 dövlətin standartları, qanunları, ictimai davranış normaları çərçivəsində dəstəkləməlidir".

Ə.Həsənov əlavə edib ki, prezidentin elan etdiyi kimi 2016-cı ildə çox ciddi iqtisadi və 

siyasi islahatlar həyata keçiriləcək: "Siyasi islahatlar bəllidir. İdarəetmədə struktur 

dəyişiklikləri həyata keçiriləcək, inkişafa mane olan, bir-birini təkrarlayan, səmərəsiz

 işləyən strukturlar ya ləğv olunacaq, ya da onların fəaliyyəti təkmilləşdiriləcək. 

Differensial fərqli yanaşma nəticəsində idarəçilik sisteminin tam modernləşdirilməsi

 və mövcud inkişafın tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. İqtisadi islahatlar

 dedikdə, cənab prezident həm ümumilikdə bütün ölkə iqtisadiyyatının dinamik

 inkişafını təmin etmək, həm də hər bir region, rayon üçün differensial yanaşma

 tələblərini ortaya qoyub. Mərkəzdən hər bir rayonun sosial-iqtisadi inkişafı üçün 

ayrıca xətt ayırsa, bu tam olmayacaq. Tamlıq üçün yerlərdən təşəbbüslər gəlməlidir. 

Yerli icra strukturları, bələdiyyələr, digər qurumlar, həmçinin rayonlardan seçilmiş 

millət vəkilləri bu işə dəstək verməlidirlər. Ölkə iqtisadiyyatının ümumi inkişafı 

üçün hər bir rayon özünün potensialını işə salmalıdır. Yerli potensial işə salınanda

 isə dövlətin əsas tələbləri nəzərə alınmalıdır. Bu tələblər yerlərdə iqtisadiyyatın 

inkişafını, insanların potensialından istifadəni, onların sosial məsələlərinin həllini 

əhatə edir. Prezident dəfələrlə qeyd edib və reallıq da göstərir ki, Azərbaycanda

 həyata keçirilən siyasətin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır.

 Dövlət də ona görə lazımdır ki, ümumilikdə cəmiyyətin və fərdi qaydada hər bir

 vətəndaşın problemini həll etsin. Ümumi problemlər sağlamlıq, işsizlik, təhsil 

məsələsi, sosial adaptiasiya, təşəbbüslərin dəstəklənməsi və başqa məsələlərdir. 

Biri də var sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələr, xəstələr və başqaları.

Bunlar da fərdi problemləridir ki, həll olunmalıdır".


OXŞAR XƏBƏRLƏR

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...