Bir çoxu Azərbaycanın, o cümlədən Dağlıq Qarabağın harada yerləşdiyini bilmir - İDDİA

15:20 / 02.08.2017
1298
"Çox təəssüf ki, havadarlarının vasitəsi ilə Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişə haqda məsələyə hansısa rusiyalı siyasi şərçinin ehtimalları əsasında yanaşırıq"
Bu sözləri Sfera.az-a açıqlamasına siyasi şərhçi Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, mənsub olduğu dairə bəlli olmayan belə şərhçilər bu sayaq problemlər haqda fikir yürütməklə beynəlxalq arenaya çıxmağa çalışır və bu yolla qazanc əldə etməyə səy göstərirlər:
"Onlar öz aləmlərində münaqişə edən tərəflərdən birinə lobbiçiliklə pul qazanmaq iddiasındadırlar. Oxşar üsuldan ABŞ və Qərb dövlətlərində çoxdan istifadə edilir. Rusiyalılar bu istiqamətdə hələ təzədirlər. Ancaq hər kəsə bəllidir ki, Azərbaycan rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif görüşlər keçirir. Rusiya "siyasi şərçiləri” Azərbaycan ictimaiyyətinin rəğbətini qazanmağa çalışır. Əslində həmin görüşlərdən sonra münaqişə bölgəsində baş verənlər vəziyyətin dəyişmədiyini deməyə əsas verir".
S.Soltan qeyd edib ki, münaqişənin həlli ilə bağlı yaxın zamanda beynəlxalq səviyyədə sənədin qəbul ediləcəyi inandırıcı deyil:
"Bu istiqamətdə yalnız Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ola bilər. Xaricilərin canfəşanlığı da bununla bağlıdır. İndiki şəraitdə münaqişə ilə bağlı Azərbaycan tərəfinin rəsmi açıqlamalarına etibar edilməsini də qeyd etmək istərdim. Yaxud bu istiqamətdə uyğun qurumlardan məlumat almağı daha doğru sayıram. Rusiya, ABŞ və daha hansı ölkənin şərhçiləri sadəcə özünü təbliğatla məşğul olmaq üçün bundan istifadə edirlər. Onların bir çoxu heç Azərbaycanın, o cümlədən Dağlıq Qarabağın harada yerləşdiyini belə bilmir".
Qeyd edək ki, rusiyalı siyasi şərhçi İvan Cakayev Azərbaycan Prezidenti İlham Əliyev ABŞ, Türkiyə, daha sonra isə Rusiya rəhbərliyi ilə görüşlər keçirtiyini deyib.
"Bu görüşlərin əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həllində yeni qərarların tapılmasıdır. Soçidə İlham Əliyevlə Putinin görüşündə də məhz bu məsələdə müzakirə olundu. Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağla bağlı yeni addımlar planlaşdırır. Buna görə də böyük dövlətlərin dəstəyini təmin etməyə çalışır. Hadisələrin xronologiyasına diqqət edək. İyulun 4-də erməni hərbi birləşmələri Füzulinin Alxanlı kəndinə hücum etdi və 2 yaşlı qızla nənəsi həlak oldu. Bu faciə Azərbaycanı ayağa qaldırdı, həmçinin, dünyaya xatırlatdı ki, münaqişə dondurulmayıb. Bu hadisədən sonra Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdə oldu. Orada ABŞ dövlət katibi Reks Tillersonla görüşdü. Danışıqların əsas mövzusu Ermənistanın təxribatları idi. Tillersonla görüşdən dərhal sonra İlham Əliyev Ərdoğanla görüşdü və onunla da Dağlıq Qarabağ məsələsini müzakirə etdi. Ən sonda isə Soçidə Putinlə eyni mövzunu müzakirə etdi. Fərziyyələr var ki, Dağlıq Qarabağla bağlı yeni beynəlxalq qərarın qəbul edilməsinə hazırlıq gedir", - deyə İ.Cakayev qeyd edib.
Azad əliyev
Sfera.az