Vahid Əhmədov: "Manat ucuzlaşacaq, dollar isə bahalaşacaq" - REAKSİYA

Vahid Əhmədov:
Azərbaycan Beynəlxalq Bankının təxminən 3,3 milyard dollar xarici borcu dövlətə ötürüləcək. Bu barədə Azərbaycan Beynəlxalq Bankı (ABB) Nyu-Yorkda məhkəməyə ərizə ilə müraciət edib. Nyu-York Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) müraciəti əsasında 12 may 2017-ci il tarixində ABB-nin aktivlərinin xarici kreditorların ABŞ-dakı iddia tələblərindən qorunması ilə bağlı qərar qəbul edib. Qərara əsasən, ABB-nin xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi zamanı xarici kreditorlar bankın aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək.
Məsələni Sfera.az-a şərh edən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov söyləyib ki, söhbət ABB-nin çökməsindən getmir:
"Bankın sağlamlaşdırılması və özəlləşməyə çıxarılması müzakirə olunur. Bununla əlaqədar keçən il Prezident fərman imzaladı. Fərmana əsasən. bankda yaranmış ciddi problem və maliyyə sıxıntıları aradan qaldırılmalıdır. O fərmana uyğun olaraq da keçən il bankın 3,3 milyard dollara yaxın passiv-aktivləri dövlət bankına kredit verildi. Bankın problemi artıq uzun müddətdir ki, davam edir. Çünki faktiki olaraq vaxtilə iş fəaliyyətini yaxşı qurmamışdı. Həm dövlət, həm də qeyri-dövlət zəmanəti ilə çoxlu sayda kreditlər vermişdi. Əlbəttə ki, dövlətdən də müəyyən vəsait ayrılıb. Ayrılan vəsait də Maliyyə Bazarlarına Nəzarət Palatasına gedir. Palata da həm manata, həm də dollara öz təsirini göstərir. Çox güman ki, manat ucuzlaşacaq, dollar isə bahalaşacaq". 
 


İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, ABB-nin borcunun qaytarılması manata iki cür təsir göstərə bilər:
"Birinci ssenari ondan ibarətdir ki, bu ödəniş Mərkəzi Bank tərəfindən həyata keçiriləcəksə və ya hərraclara daxil olub dollar imkanı yardacaqsa, bu zaman dollar yenidən bahalaşacaq. Çünki fevral ayından etibarən Beynəlxalq Bank demək olar ki, hərraclarda iştirak etmir. Dollara olan tələbatın azalması da bu bankın hərraclara çıxmamasıdır. Son 3 ayda da dollara olan tələbin azalması müşahidə olunur. İkinci ssenari: Mərkəzi Bank həraca daxil olmadan ABB-nin borcunu Neft Fondunun transferləri hesabına ödəsə, təbii ki, bu da dollara olan tələbin qarşısını kəskin alacaq". 
Qeyd edək ki, Beynəlxlaq Bank xarici borcları üzrə ödənişlərini dayandırıb. Azərbaycanın ən böyük bankının böyük ziyan düşməsinin səbəbi kimi manatın devalvasiyası göstərilir.
Gülnarə Eynullaqızı
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR