Məğlubiyyətlə barışmadı: Tsarukyan yumruq atdı, arenada kütləvi dava düşdü

ABŞ-də keçirilən turnirdə erməni əsilli MMA döyüşçüsü Arman Tsarukyan ilə amerikalı idmançı Georgio Poullas arasında baş tutan qarşılaşma qalmaqalla yadda qalıb.
Sfera.az xəbər verir ki, "Real American Freestyle" (RAF 6) turniri çərçivəsində təşkil edilən görüş gərgin və prinsipial mübarizə şəraitində keçib.
Hakimlərin yekun qərarına əsasən amerikalı döyüşçü qalib elan olunub.
Lakin rəsmi nəticə açıqlanandan dərhal sonra arenada gözlənilməz hadisə yaşanıb. Məğlubiyyətlə barışmayan erməni döyüşçü Tsarukyan rəqibini öncə itələyib, sonra ona yumruq zərbəsi endirib. Bu addım qarşıdurmaya səbəb olub.
Hadisəyə hər iki tərəfin komanda üzvləri və təhlükəsizlik əməkdaşları müdaxilə etməli olub. Qısa müddət ərzində vəziyyət gərginləşib və arenada izdihamlı dava baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə insidentin nə qədər kəskin xarakter aldığı açıq şəkildə görünür.
Qalmaqallı hadisə idman ictimaiyyətində geniş rezonans doğurub və döyüş sonrası davranış etikası yenidən müzakirə mövzusuna çevrilib.
Bəsti Rəfizadə
Sfera.az






