İnvestorların nəzərinə: Dövlət hansı layihələri özünə qaytara bilər?

İnvestorların nəzərinə: Dövlət hansı layihələri özünə qaytara bilər?
Kateqoriya məlum deyil
T

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda investisiyanın dövlət tərəfindən alınmasının yeni əsasları son oxunuşda qəbul edilib.

 

Sfera.az xəbər verir ki, bununla bağlı “İnvestisiya fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişikliklər parlamentdə müzakirə olunub.


Diqqətə çatdırılıb ki, hazırda investisiyalar investordan dövlət tərəfindən iki əsasla – dövlət ehtiyacları üçün və rekvizisiya məqsədilə (təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə cəmiyyətin mənafeləri üçün) alına bilər. Hər iki halda investisiyanın dəyəri qanunun müvafiq maddələrinə uyğun olaraq kompensasiya ödənişinin edilməsi yolu ilə investora ödənilir.


Məlumat verilib ki, təklif olunan dəyişiklik investisiyanın dövlət tərəfindən alınmasının yeni bir əsasını müəyyən edir. Bu, strateji əhəmiyyətə malik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınmasıdır.


Beləliklə, qanun layihəsi strateji əhəmiyyətə malik olan investisiyaların dövlət və xalqın mənafelərinə zərər vuran hallarının qarşısını almaq üçün dövlət tərəfindən alınmasının hüquqi əsasını formalaşdırır. Qeyd olunan məqsəd üçün investisiyaların alınması ümumi qaydada, yəni investorlara kompensasiya ödənilməklə həyata keçirilə bilər. Həmçinin strateji əhəmiyyətə malik olan investisiyaların dövlət tərəfindən alınması Azərbaycan qanunları ilə tənzimlənəcək.


Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub.

 

Firuzə Əliyeva
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR