Xəstəliklərin səbəbi şüuraltıdır? - "Zehin və bədən bir-biri ilə sıx əlaqədədir"

Xəstəliklərin səbəbi şüuraltıdır? - "Zehin və bədən bir-biri ilə sıx əlaqədədir"
Kateqoriya məlum deyil
T

İnsanlar arasında tez-tez belə bir fikir səslənir ki, xəstəliklərin əsas səbəbi insanın düşüncələridir. Yəni insan nə qədər depressivdirsə, nə qədər neqativ və xəstəliyə meyilli düşünürsə, bir o qədər həmin neqativ enerjini və xəstəliyi özünə cəlb edir.

 

Maraqlıdır ki, bu iddianın elmi əsasları nə dərəcədə mövcuddur? Hər şey şüuraltı ilə bağlıdırmı? Bu fikir reallıqda öz təsdiqini tapırmı?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən neyropsixoloq Aytəkin Aslan söyləyib ki, son illərdə populyar psixologiya və motivasiya kitablarında “zehin gücü”, “enerji qanunu”, “şüuraltı proqramlar”, “evrenə mesajlar” kimi anlayışlar bu fikrin daha geniş yayılmasına səbəb olub:

 

 

“Zehin və bədən əlaqəsi elmi faktlara əsaslanaraq müasir tibb və psixologiyada göstərir ki, zehin və bədən bir-biri ilə sıx əlaqədə işləyir. Bu sahə psixosomatika və neyroimmunologiya kimi istiqamətlərdə araşdırılır. Araşdırmalar sübut edir ki, uzunmüddətli stres immun sistemini zəiflədə, depressiya hormon balansını dəyişə, narahatlıq isə ürək-damar və həzm sisteminə təsir göstərə bilər. Stres zamanı bədəndə kortizol və adrenalin kimi hormonlar artır. Qısa müddətdə bu hormonlar qoruyucu rol oynasa da, uzun müddət yüksək səviyyədə qalarsa, immun sisteminin fəaliyyətini zəiflədərək müxtəlif xəstəliklərə qarşı həssaslığı artırır. Bu faktlar göstərir ki, düşüncələr birbaşa xəstəlik yaratmasa da, xəstəlik riskini artıran bioloji mexanizmlərə təsir edə bilir. Elmi baxımdan xəstəliklərin yaranması çoxfaktorlu prosesdir. Əsas faktorlar genetik meyillilik, həyat tərzi (qidalanma, fiziki aktivlik, yuxu), ətraf mühit faktorları, stres və psixoloji vəziyyətdir. Bu modelə biopsixososial model deyilir və müasir tibbdə geniş qəbul olunur. Bu səbəbdən “yalnız düşüncələr xəstəlik yaradır” fikri elmi olaraq doğru hesab edilmir. Məsələn, insan yalnız neqativ düşündüyü üçün virus infeksiyasına yoluxmur. Lakin uzunmüddətli stres immun sistemi zəiflədərsə, həmin insan infeksiyaya daha asan yoluxa bilər. Yəni burada birbaşa səbəb deyil, dolayı təsir mövcuddur”.

 

A. Aslan populyar yanaşmalarda şüuraltına bəzən həddindən artıq böyük rol verildiyini əlavə edib:

 

“Neyropsixologiyaya görə isə şüuraltı davranış vərdişlərinə, emosional reaksiyalara, avtomatik düşüncələrə təsir edir. Lakin şüuraltının bütün xəstəlikləri yaratdığına dair elmi sübut yoxdur. Şüuraltı faktorlar daha çox aşağıdakı hallarda təsir göstərə bilər: psixosomatik simptomlar (məsələn, stres mənşəli baş ağrıları), panik atak və somatik narahatlıq pozuntuları, xroniki stres reaksiyaları. Qeyd edim ki, plasebo effekti dediyimiz- zehinin müsbət təsiri üzərində aparılan araşdırmalarda “plasebo effekti” adlı fenomen geniş şəkildə təsdiqlənmişdir. İnsan təsirsiz bir dərmanın ona kömək edəcəyinə inandıqda belə bəzən real yaxşılaşma müşahidə olunur. Bu, zehinin bədən üzərində təsirinin mövcud olduğunu göstərir”.

 

Neyropsixoloq qeyd edib ki, eyni zamanda “nosebo effekti” də vardır ki, insan yan təsir gözlədikdə həmin təsirləri daha çox hiss edə bilər:

 

“Bu faktlar düşüncələrin fizioloji proseslərə təsir edə bildiyini göstərsə də, onların bütün xəstəliklərin əsas səbəbi olduğunu sübut etmir. Elmi məlumatlara əsasən belə nəticəyə gəlmək olar ki, düşüncələr bütün xəstəliklərin əsas səbəbi deyil. Lakin psixoloji vəziyyət bədənin immun, hormonal və sinir sisteminə təsir edə bilər. Mövlana Cəlaləddin Rumi insanın düşüncə və ruh halının həyat keyfiyyətini müəyyən etdiyini belə ifadə edib: “Düşüncən nədirsə, sən osan”. Bu fikir psixologiyada da müəyyən mənada qarşılığını tapır. Çünki insanın düşüncə forması onun emosiyalarını, emosiyalar isə davranış və fizioloji reaksiyaları formalaşdırır. Belə izah edim ki, xəstəlik yalnız fiziki deyil, həm də mənəvi balansın pozulması kimi izah olunur. Buna görə qəzəb, qorxu, ümidsizlik kimi duyğular “ruhi yük” hesab edilir. Uzunmüddətli stres və depressiya bəzi xəstəliklərin yaranma riskini artırır. Müsbət psixoloji vəziyyət isə sağalma prosesini sürətləndirə bilər. Xəstəliklər bioloji, psixoloji və sosial faktorların birlikdə təsiri nəticəsində yaranır. Beləliklə, “hər şey şüuraltı ilə bağlıdır” fikri elmi baxımdan doğru deyil. Amma zehin və bədən əlaqəsinin güclü olduğu da danılmaz faktdır. Ən düzgün yanaşma fiziki sağlamlıqla yanaşı psixoloji sağlamlığın da qorunmasıdır”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR