ABŞ İrana qarşı əməliyyata hazırlaşır - Həftələrlə davam edəcək

ABŞ İrana qarşı əməliyyata hazırlaşır - Həftələrlə davam edəcək
Kateqoriya məlum deyil
T

ABŞ ordusunun İrana qarşı həftələrlə davam edə biləcək mümkün hərbi əməliyyata hazırlaşdığı iddia olunub. 

 

Sfera.az xəbər verir ki, “Reuters” agentliyinin yaydığı xəbərə görə, ABŞ İrana qarşı genişmiqyaslı əməliyyat planı üzərində işləyir. Məlumata əsasən, nəzərdə tutulan əməliyyat bir neçə həftə davam edə bilər.

 

Xəbərdə qeyd edilib ki, mümkün ssenari təkcə İranın nüvə infrastrukturu ilə məhdudlaşmayacaq. Rəsmilər ABŞ ordusunun İranın dövlət və təhlükəsizlik obyektlərini də hədəfə ala biləcəyini vurğulayıblar. Bildirilib ki, bu plan əvvəlki illərdə yalnız nüvə obyektlərinə yönəlmiş ehtimal ssenarilərindən daha mürəkkəb xarakter daşıyır.

 

Mənbələrin qiymətləndirməsinə görə, ABŞ-nin mümkün hücumu İran tərəfindən cavab tədbirləri ilə nəticələnə bilər və bu da regionda gərginliyin daha da artmasına səbəb ola bilər.

 

ABŞ Prezidenti Donald Trampın İran rəhbərliyinə yönəlik son bəyanatları və Vaşinqton-Tehran xəttində davam edən müzakirələr fonunda yayılan bu məlumat beynəlxalq gündəmdə diqqət çəkib.

 

Məsələ ilə bağlı açıqlama verən Ağ Evin sözçüsü Anna Kelli bildirib ki, Prezident Tramp ABŞ-nin milli təhlükəsizliyini prioritet hesab edir və İranla bağlı müxtəlif variantları nəzərdən keçirir.

 

“İran məsələsində bütün variantlar Prezidentin masasındadır”, - deyə sözçü vurğulayıb.

 

ABŞ Müdafiə Nazirliyi isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.


Bəsti Rəfizadə 
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR