Lavrov: "Yeni nüvə sazişinin imzalanması mümkündür"

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ABŞ-ni strateji sabitlik sahəsində konstruktiv mövqe tutmağa çağırıb. O bildirib ki, Vaşinqtonun müsbət yanaşması halında yeni nüvə sazişinin imzalanması mümkündür.
Sfera.az xəbər verir ki, Lavrov Dövlət Dumasında çıxışı zamanı müddəti fevralın 5-də başa çatan “Yeni Strateji Silahların Azaldılması Müqaviləsi”ni (New START) şərh edib.
Nazir qeyd edib ki, Moskva Vaşinqtonun müqavilə çərçivəsində müəyyən edilmiş məhdudiyyətlərdən imtina etməyə tələsmədiyini düşünür. Rusiya tərəfinin nüvə silahları üzrə əsas limitləri aşmamaq barədə moratoriumunun qüvvədə qaldığını xatırladan Lavrov vurğulayıb ki, ABŞ-nin da eyni mövqedə qalacağına inanmaq üçün əsaslar var.
“Vəziyyəti diqqətlə izləyəcəyik”, - deyə o bildirib.
Nazir əlavə edib ki, ABŞ tərəfi strateji sabitlik sahəsində əməkdaşlığı davam etdirmək niyyətini təsdiqləyərsə, Moskva yeni saziş üzərində fəal işləməyə hazırdır. Onun sözlərinə görə, mümkün yeni razılaşma əvvəlki müqavilələrin əhatə etmədiyi məsələləri də əhatə edə bilər.
Lavrov həmçinin Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində və digər müttəfiqləri qarşısında təhlükəsizlik öhdəliklərinə sadiq qaldığını vurğulayıb. O bildirib ki, mövcud hərbi doktrinaların icrası üçün konkret addımların müəyyənləşdirilməsi vacibdir.
Bəsti Rəfizadə
Sfera.az






