Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan qadınının tarixən cəmiyyətdə tutduğu mövqeyin, həyatımızın bütün sahələrində mühüm nailiyyətlərə yol açan və inkişafımızı təmin edən başlıca amil kimi müstəsna əhəmiyyəti vardır. Ötən əsrin ilk onilliklərində, dünyanın bir çox qabaqcıl ölkələrinin qadınlarından xeyli əvvəl seçib-seçilmək hüququ qazanan qadınlarımız zəngin ictimai-siyasi fəaliyyətləri sayəsində çoxsaylı müvəffəqiyyətlər əldə etmişlər. Bu ilin respublikamızda "İslam Həmrəyliyi İli" elan edilməsi ilə əlaqədar xüsusi vurğulamaq lazımdır ki, mədəniyyətin, incəsənətin, elmin və təhsilin müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları məhz onlar atmışlar. Gənc xanımlarımızın nəsillərin mənəvi varisliyi prinsipini bu gün də qorumaqla özlərinin maarifpərvər sələflərinin ləyaqətli davamçılarına çevrilmələri sevindirici haldır.

Çoxəsrlik mədəni irsimizin təşəkkülündə misilsiz xidmətlərə malik Azərbaycan qadını dünyaya bəşər mədəniyyəti xəzinəsinin incilərini yaradan görkəmli ədiblər, tarixi şəxsiyyətlər, tanınmış elm və sənət adamları bəxş etmişdir. Milli varlığımızın ifadəsi olaraq əxlaqi-mənəvi sərvətlərimizin və mədəni-tarixi dəyərlərimizin, keçmişimizin ən mürəkkəb dövrlərində belə, qorunub yaşadılması bilavasitə onun adıyla bağlıdır.

 

Ana məfhumu minillərdən bəri xalqımızın təfəkküründə doğma yurdu, vətən torpağını və dilimizi təcəssüm etdirmişdir. Analarımız azərbaycançılıq məfkurəsinə sadiq layiqli övladların tərbiyəsi üçün üzərlərinə düşən vəzifənin öhdəsindən bu gün də şərəflə gəlirlər. İndi ürəyi ölkəmizə hədsiz sevgiylə dolu, vətəni ana qədər müqəddəs bilərək torpaqlarımızın hər qarışını qorumağa hazır olan, müstəqilliyimizlə yaşıd bir nəsil yetişmişdir. Bu, Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən böyük töhfəsidir.

İnanıram ki, yüksək mənəviyyatınız və qurub-yaratmaq əzminizlə siz cəmiyyətimizin həyatına bundan sonra da yeni çalarlar gətirərək daim yeniləşən ölkəmizin müstəqillik salnaməsinə parlaq səhifələr yazacaqsınız".


OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...