Narışkinin Bakı səfərinin pərdəarxasında nələr dayanır? - Politoloq AÇIQLADI
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıya səfər edib. Belə ki, o, 2-3 oktyabr tarixlərində paytaxtımızda rəsmi qonaq olub.
Maraqlıdır, Narışkinin Bakı səfərinin pərdəarxasında nələr dayanır?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə xatırladıb ki, ötən həftələrdə Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin (MI6) rəhbəri Riçard Mur da Azərbaycana gəlib.
Politoloqun sözlərinə görə, Narışkinin Bakı səfəri isə regionda gedən siyasi-hərbi proseslərlə əlaqəli ola bilər:
“Həmçinin Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru ilə keçirilən görüşlərdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin perspektivləri, Rusiyanın burada hansı rol alacağı əsas müzakirə predmeti ola bilər. Zəngəzur dəhlizi ilə bağlı məsələ bəllidir – rəsmi Moskva bu yola nəzarət etmək istəyir. Digər tərəfdən, İsrail-İran arasında kəskinləşən siyasi-hərbi böhran da Rusiyanı narahat edir. Əsasən İran ətrafında gedən proseslər, Tehranın anti-Azərbaycan siyasəti, şimal-cənub nəqliyyat dəhlizi bu ölkəni maraqlandıran mövzulardır”.
M.Əsədullazadə qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda aparıcı və açar ölkədir:
“Qərb də, Rusiya da Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istiqamətində siyasət ortaya qoyublar. Ölkəmiz isə burada çevik şəkildə öz milli maraqlarını təmin edir”.
Xatırladaq ki, ötən günlərdə Britaniya Kəşfiyyatı İdarəsinin (MI6) rəhbəri Riçard Murun Bakıya gözlənilməz səfəri diqqət çəkib. O, ADA Universitetində olub, buradakı şəraitlə tanış olub və mühazirə oxuyub.
Günay Rəsulqızı