23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

Hər il 23 iyun tarixində Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunur.
Sfera.az xəbər verir ki, bu əlamətdar gün dövlət idarəetməsində çalışan insanların fəaliyyətinə verilən dəyərin göstəricisidir. Onların işi yalnız sənəd dövriyyəsi və inzibati tapşırıqların yerinə yetirilməsi ilə məhdudlaşmır – dövlət qulluqçuları ölkədə qanunçuluğun, səmərəli idarəçiliyin və vətəndaş məmnunluğunun təminatçılarıdır. Azərbaycanda dövlət qulluğunun hüquqi əsasları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İlk dəfə bu qanun 2000-ci ildə qəbul edilib və müasir dövrün tələblərinə uyğun olaraq zaman-zaman yenilənib. Qanun dövlət qulluğunun təşkili, dövlət qulluqçularının vəzifələri, hüquq və öhdəlikləri, həmçinin onların etik davranış qaydalarını müəyyənləşdirir.
Bu sahəyə dövlət tərəfindən göstərilən diqqət Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə “23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü” kimi təsis olunması ilə daha da rəsmi xarakter alıb. Sərəncam BMT Baş Assambleyasının 2000-ci ildə qəbul etdiyi qərara əsaslanaraq dövlət idarəçiliyində çalışan şəxslərin roluna xüsusi diqqət göstərilməsinin vacibliyini vurğulayır. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən test imtahanları, müsabiqə və müsahibə mərhələləri sayəsində bu sahədə şəffaflıq və peşəkarlıq təmin edilir.
Dövlət qulluğuna qəbul və kadr ehtiyatı sistemləri daim təkmilləşdirilir. 2025-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,4 min nəfər olmuşdur ki, onların da 30,3 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 7,4 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,7 faizi 4-cü təsnifatı, 11,6 faizi 5-ci təsnifatı, 8,5 faizi 6-cı təsnifatı, 46,6 faizi 7-ci təsnifatı, 22,2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir.
Dövlət qulluqçularının 6,4 faizi 1 ilədək, 24,1 faizi 1 ildən 5 ilədək, 22,9 faizi 5 ildən 10 ilədək, 18,6 faizi 10 ildən 15 ilədək, 28,0 faizi isə 15 il və daha çox qulluq stajına malikdir. Dövlət qulluqçularının 2,8 faizini 25 yaşadək, 12,5 faizini 25-29 yaşda, 18,2 faizini 30-34 yaşda, 16,1 faizini 35-39 yaşda, 12,8 faizini 40-44 yaşda, 9,9 faizini 45-49 yaşda, 7,6 faizini 50-54 yaşda, 8,4 faizini 55-59 yaşda, 9,7 faizini 60-64 yaşda, 2,0 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir. 2024-cü ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 2,0 faiz artaraq 1971,0 manat təşkil etmişdir.
Dövlət qulluqçularının sosial müdafiəsi, maaşlarının mərhələli şəkildə artırılması, xidmətə görə mükafatların verilməsi və peşəkar inkişaf üçün təlimlərin təşkil olunması dövlətin bu sahəyə verdiyi önəmi göstərir. Eyni zamanda, etik davranış kodeksi və qiymətləndirmə mexanizmləri ilə işçilərin fəaliyyətinə obyektiv yanaşma təmin olunur. Bütün bu tədbirlər nəticəsində dövlət qulluğu yalnız bir iş yeri deyil, eyni zamanda peşəkar karyera və xidmət nümunəsidir. Ədalətli idarəçilik və insan mərkəzli yanaşma isə bu sistemin əsas prioritetlərindəndir. 23 iyun təkcə peşə bayramı deyil, dövlətin səmərəli və dayanıqlı idarəetmə sistemində mühüm rol oynayan qulluqçuların əməyi və fədakarlığının tanınması günüdür.
Bu münasibətlə bütün dövlət qulluqçularını təbrik edir, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq!
Firuzə Əliyeva
Sfera.az