Türkiyədə “İnstagram”ın bağlanmasının PƏRDƏARXASI: “ABŞ bunu ona görə etdi ki…”
Türkiyədə “Instagram” sosial şəbəkə platformasının bərpa olunması ilə bağlı şərt açıqlanıb. Qeyd olunub ki, bunun üçün əsas şərt “Instagram”ın Türkiyə hökumətinin tələblərini yerinə yetirməsidir: “Əgər “Instagram” paylaşımlara məhdudiyyət qoymasa, bu sosial şəbəkənin ölkə daxilində fəaliyyəti bərpa olunacaq. Əks halda, məhdudiyyət davam edəcək”.
Sözügedən addım siyasi motivli ola bilərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, bu, xüsusilə indiki konteksdə istisna deyil:
“Adətən böyük güclər siyasi yolla təsir göstərə bilmədikləri aktorlara belə “yumşaq güc” tətbiq etməyə çalışırlar. Sözügedən məsələyə də məhz bu aspektdən yanaşmaq yanlış olmaz. Nəzərə almaq lazımdır ki, dünyada sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti gənclərdir. Bu, Türkiyə üçün də istisna deyil. Ötən günlərdə “İnstagram” istifadəçilərinin xeyli hissəsi ard-arda HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı bağlı paylaşım etdilər. Adı çəkilən platforma isə bu paylaşımları məhdudlaşdırdı. Beləliklə, “İnstagram” Türkiyə xalqının həm ideoloji şüuruna, həm siyasi motivinə, həm dini inancına, həm də azadlıqlarına müdaxilə etmiş oldu. Haqlı olaraq Türkiyə hökuməti məsələyə reaksiya göstərdi və “İnstagram”ı bağladı”.
Ekspert bildirib ki, bu, daxildə müəyyən narazılığa səbəb olsa da, doğru qərar idi:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 5-də səsləndirdiyi fikirlərdə məsələni “rəqəmsal faşizm” kimi qiymətləndirməsi atılan addımın siyasi motivli olduğunu göstərir. Yəni “İnstagram” sırf siyasi səbəbdən, məsələ HƏMAS-dır deyə, paylaşımları məhdudlaşdırıb. Gələcəkdə oxşar gərginliyin “Meta”nın digər məhsulları, o cümlədən “Facebook”la da yaşanması mümkündür. Hər halda rəsmi Ankara ABŞ-nin sosial media platformaları vasitəsilə siyasi “manevrlər etməsinə” haqlı olaraq icazə verməz”.
Xatırladaq ki, avqustun 2-də Türkiyədə “Instagram”a giriş bağlanıb.
Günay Rəsulqızı