Bu dövlətin baş naziri ölkədən qaçdı - SƏBƏB
Banqladeşin baş naziri Şeyx Hasina yüzlərlə insanın ölümünə səbəb olan kütləvi etirazlar fonunda istefa verib və ölkəni tərk edib.
Sfera.az xəbər verir ki bu barədə "BBC" məlumat yayıb. Bazar ertəsi minlərlə insan baş nazirin iqamətgahına basqın edib. Hazırda dövlətin başında kimin dayandığı bəlli deyil.
Məlumata görə, ordu komandiri siyasi partiyaların liderləri ilə əlaqə saxlayır və yaxın vaxtlarda mətbuat konfransı keçirmək niyyətindədir. Daha əvvəl baş nazirə yaxın mənbəyə istinadən xəbər verilmişdi ki, baş nazir və onun bacısı paytaxt Dəkkədəki rəsmi iqamətgahı tərk edərək, iğtişaşlar fonunda daha təhlükəsiz yerə gediblər.
“Baş nazir bacısı ilə birlikdə daha təhlükəsiz yer tapmaq üçün Qanabhaban sarayını tərk edib... O, çıxışı lentə almaq istəyib, lakin buna imkanı olmayıb”, - mediada bildirilib.
Bazar günü Şeyx Hasinanın istefasını tələb edən etirazçılarla polis arasında toqquşmalarda azı 90 nəfər həlak olub. Ölənlər arasında 13 polis də var. Onlar paytaxt Dəkkədən 100 km şimalda yerləşən Sirajqanc şəhərində polis məntəqəsinə hücum zamanı həlak olublar. Dövlət qulluğuna qəbul üçün kvota sisteminin ləğvi tələbi ilə tələbə etirazları iyul ayında başlayıb. Bu müddət ərzində 280-dən çox insan dünyasını dəyişib. Dəkkədə polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib və baş nazir ölkədə mobil internetin bağlanmasını əmr edib.
İnci
Sfera.az