"Azərbaycan-Ermənistan sülhünün imzalanmasına əsas maneə budur..." - ŞƏRH

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dünən jurnalistlərə açıqlamasında Ermənistanla müxtəlif istiqamətdə danışıqların davam etdiyini bildirib. Nazir qeyd edib ki, sülh gündəliyi ilə bağlı Azərbaycan iyun ayının sonunda Ermənistan tərəfinə təkliflər göndərib: “Münasibətlərə gəldikdə açıq sualların sayı xeyli məhdudlaşıb, ancaq Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı müddəalar qalmaqdadır. Biz qarşı tərəfdən bu istiqamətdə addımlar atmalarını gözləyirik”.
C.Bayramov vurğulayıb ki, sülhlə bağlı Azərbaycanın mövqeyi çox açıq qeyd olunub: “Azərbaycan dövləti sülh gündəliyinin müəllifidir. 44 günlük müharibədən sonra qısa müddətdə cənab Prezident çıxış edərək sülh gündəliyini Ermənistana təklif etdi”.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov qeyd edib ki, hər iki tərəf sülh istiqamətində irəliləyişin olduğunu və bir çox problemin artıq həllini tapdığını təsdiqləyir.
Şərhçinin sözlərinə görə, hazırda əsas məsələ rəsmi Bakının Ermənistan konstitusiyasına dəyişiklik tələbidir:
“Konstitusiyada nəinki Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları var. Bu o deməkdir ki, əgər sülh imzalanarsa, onun kövrək olma ehtimalı və gələcəkdə Ermənistanın yenidən revanşist cəhdlərlə çıxış etməsi mümkündür. Bu isə rəsmi Bakının maraqlarına uyğun deyil. Azərbaycan daimi sülhdə maraqlıdır. Rəsmi İrəvan məntiqli şəkildə başa düşür ki, region üçün sülhün alternativi yoxdur. Ermənistanın Baş naziri Nikol Paşinyan və digər rəsmilər də bunu dəfələrlə bildiriblər.
Ermənistan bu gün kənar güclərin təsiri altındadır. Rəsmi İrəvan Rusiya və Qərb arasında faktiki olaraq siyasi poliqona çevrilib. Belə bir şəraitdə Ermənistana yeni təhlükəsizlik çətiri lazımdır. Bunun üçün ən ideal yol Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşmasıdır. Çünki Bakı və Ankara ilə diplomatik münasibətlərin qurulması rəsmi İrəvanı həm də iqtisadi cəhətdən dirçəldəcək. İqtisadi müstəqillik isə perspektivdə Ermənistanın siyasi cəhətdən müstəqilləşməsinə, kənar güclərin təsirindən qurtulmağa kömək edə bilər”.
K.Novruzov bildirib ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi və qanunvericilikdə ərazi iddialarının aradan qaldırılmasından hələ ki imtina edir:
“Nikol Paşinyan iyulun 5-də Ermənistanın Konstitusiya Günü ilə bağlı çıxışında deyib ki, ölkəsinə yeni konstitusiya lazımdır. Bu, özlüyündə müsbət mesajdır. Lakin təkcə sözlə iş bitmir. İrəvan həm də lazımi siyasi iradə göstərərək dediklərini əməldə etməli, konstitusiya dəyişikliyinə getməlidir. Bu, nə qədər tez olarsa, sülh sazişi də bir o qədər tez imzalana bilər. Əks halda, proses ləngiyə bilər”.
Günay