Azərbaycanın mənzil fondu köhnəlib – İllər üzrə bölgü

Azərbaycanın mənzil fondu köhnəlib – İllər üzrə bölgü

Azərbaycan əhalisinin əksər hissəsi 1991-ci ildən öncə tikilmiş mənzillərdə yaşayır. 


Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, əhalinin 67,4 faizi 34 il öncəyə qədər inşa olunan mənzillərdə məskunlaşıb. 


Statistik məlumatlardan görünür ki, əhalinin 20,8 faizi 1981-1990-cı illər, 19,7 faizi 1961-1970-ci illər, 17,5 faizi 1971-1980-ci illər, 8,1 faizi 1946-1960-cı illərdə tikilmiş evlərdə yaşayır. 


İnsanların daha 1 faizi 1919-1945-ci illərə, 0,3 faizi isə 1919-cu illərə aid mənzillərdə yerləşib. 


Dövlət müstəqilliyinin bərpa edildiyi son 33 ildə tikilən mənzillərdə əhalinin 32,6 faizi məskunlaşıb. Məlumatlardan aydın olur ki, Azərbaycanda müstəqilliyin ilk illərində mənzil tikintisi daha çox olduğundan məskunlaşma səviyyəsi həmin dövrdə daha böyük olub. Əhalinin 16,4 faizi 1991-2000-ci illərdə, 8,4 faizi 2001-2010-cu illərdə tikilən evlərdə yaşayır. 2011-ci ildən sonra tikilən mənzillərdə isə əhalinin cəmi 7,8 faizi yerləşib. 


Statistika göstərir ki, əhalinin çox hissəsi yeni mənzilə sahib ola bilmədiyindən köhnə mənzillərini əsaslı şəkildə təmir etdirib. 2001-2020-ci illərdə əhali məskunlaşdığı evlərin 71,6 faizini əsaslı təmir etdirib. 


Maraqlı fakt ondan ibarətdir ki, şəhər yerlərindən fərqli olaraq kənd yerlərində müstəqilliyin bərpa edilməsindən sonra tikilən yeni evlərin sayı daha çox olub. Kəndlərdəki mənzil fondunun 43 faizi məhz yeni dövrdə inşa edilib. Amma şəhərlərdə bu nisbət 24,5 faizdir. 


Şəhərlərdə yeni mənzillərin az olması qiymətlərin yüksək olması ilə bağlıdır. Qiymətlərin ən yüksək olduğu yer Bakıdır. Paytaxt şəhərində son 33 ildə mənzil fondu cəmi 18,5 faiz artıb. Respublika üzrə orta göstərici ilə müqayisədə Bakı əhalisinin daha çox hissəsi köhnə mənzillərdə yaşayır. 


Yeni mənzilə sahib ola bilməyən bakılılar yaşadıqları mənzillərin 85 faizini əsaslı təmir etdirib, yaşayış sahəsini genişləndirib. 


 
Vasif
 


OXŞAR XƏBƏRLƏR