Azərbaycanın təhlükəsizlik orqanları 105 YAŞINDA

Azərbaycanın təhlükəsizlik orqanları 105 YAŞINDA

Demokratik, hüquqi dövlət quruculuğunun məqsədyönlü inkişafının əsas şərtlərindən biri də ölkənin milli təhlükəsizliyinin təmin edilməsidir. Dünyada baş verən sürətli dəyişikliklər şəraitində ayrı-ayrı dövlətlər və bütövlükdə bəşəriyyət terrorçuluq, etnik separatizm və münaqişələr, transmilli mütəşəkkil cinayətkarlığın artması, kütləvi qırğın silahlarının yayılması və sair təhlükələrlə üzləşir. Bu amillər hər bir dövlətin prioritetlərinin, təhlükəsizliyə qarşı risklərin müəyyənləşdirilməsini, həmin risklərin öncədən aradan qaldırılması üzrə adekvat tədbirlərin həyata keçirilməsini zəruri edir. Bu mənada indiki dövrdə təhlükəsizlik xidməti orqanlarının əməkdaşlarının üzərinə böyük yük düşür.

 

Sfera.az bildirir ki, bu gün üzərinə düşən vəzifələri qüsursuz yerinə yetirən Azərbaycan Respublikası Təhlükəsizlik orqanlarının yaranmasının 105-ci ildönümüdür. Yəni, 28 mart – Təhlükəsizlik orqanları işçilərinin peşə bayramıdır.

 

Əvvəlcə, təhlükəsizlik orqanlarının yaranmasının qısa tarixini xatırladaq:

 

Təhlükəsizlik orqanlarının yaranma tarixi...

 

Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.

 

Məhz Ümummilli Lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.

 

Ölkəmizdə milli təhlükəsizlik orqanının tarixi 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin (kvartirmeyster) təşkil olunması ilə başlayıb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, daha sonra isə onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib.

 

Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi, əsasən, mövcud quruluşu qorumaq, həmin totalitar rejimin ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olub.

 

Yeni mərhələyə keçid...

 

Ümummilli Lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlanıb.

 

Mənalı və şərəfli ömrünün 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr edən Ümummilli Lider o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaradıb, milliləşdirmə siyasətinin əsasını qoyub və bu məqsədə nail olub. Ulu Öndərin əsasını qoyduğu bu siyasət müstəqil Azərbaycanda dünya tərəfindən qəbul edilən və təqdir olunan sabitliyin bərqərar olmasında müstəsna rol oynayıb.

 

Qeyd edək ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaradılıb.

 

Davamlı islahatlar, əhəmiyyətli nəticələr...

 

Ölkədə güclü ordu quruculuğu siyasəti yürüdən Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu islahatları sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Ölkə başçısının 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. Bu isə ilk növbədə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib.

 

 

Sözügedən islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb.

 

Qələbəyə gedən yolda onların rolu...

 

Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və Şanlı Qələbənin qazanılmasında, eləcə də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın təhlükəsizlik orqanlarının özünəməxsus payı var. Müharibə başladığı ilk gündən təhlükəsizlik orqanlarının əməkdaşları da doğma Vətənin müdafiəsinə qalxıb, döyüş meydanında əsl fədakarlıq nümunələri göstəriblər.

 

Məsələn, 44 günlük Vətən müharibəsi dövründə Dövlət Təhlükəsizliyi Xidməti düşmənin ölkəmizin ərazisində törətmək istədiyi terror-təxribat planlarının və niyyətlərinin qarşısının alınması istiqamətində bütün qüvvə və vasitələrini səfərbər edib, hərtərəfli dəstək göstərib, o cümlədən, Ali Baş Komandanın bütün göstəriş və tapşırıqlarını peşəkarlıqla yerinə yetirib. Eyni zamanda, Ermənistandan Azərbaycana qarşı kiber məkanda və informasiya təhlükəsizliyi sahəsində də genişmiqyaslı təhdidlər olub və dezinformasiya fəaliyyəti aparılıb, belə cəhdlərin də qarşısı uğurla alınaraq, düşmənə qarşı əks həmlələr müvəffəqiyyətlə həyata keçirilib.

 

Vaxtında əldə olunmuş kəşfiyyat məlumatları düşmənin əks-hücumlarının qarşısının alınmasında, Silahlı Qüvvələrimiz tərəfindən uğurlu hərbi əməliyyatların keçirilməsi və ayrı-ayrı yaşayış məntəqələrimizin az itki ilə düşməndən azad edilməsində həlledici rol oynayıb.

 

Azərbaycanın güclü qalxanı, antimilli qüvvələrin “kabusu”...

 

Müstəqil dövlətimizin əsas təhlükəsizlik barelyeflərindən olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti istər daxildə, istərsə də xaricdə antimilli qüvvələrin dövlət təhlükəsizliyinə zərər vura biləcək istənilən təxribatının qarşısının alınması istiqamətində mühüm işlər görür. Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərərsizləşdirilib, onların tərkibinə daxil olanlar cinayət məsuliyyətinə cəlb edilib. Bu dövrdə transmilli cinayətkarlıqla mübarizə sahəsində ciddi uğurlar qazanılıb. Son illərdə ölkə ərazisindən tranzit daşınması planlaşdırılan tonlarla narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib.

 

DTX-nin Qarabağda apardığı işlər də göz qabağındadır, qurumun keçirdiyi bütün əməliyyatlar dövlətimizin daxili və xarici düşmənlərinə qarşı mübarizə ilə seçilir.

 

Məsələn, ötən dövr ərzində Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı DTX-də ibtidai istintaq işləri aparılıb. Bu mənada, Ruben Vardanyan, Davit Manukyan, Arayik Harutyunyan və digər erməni separatçılarının həbs olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi diqqət çəkib.

 

 

Qeyd etmək lazımdır ki, hazırda bütün dünya üçün təhlükəsizlik amili ön plandadır. Belə ki, ötən günlərdə Moskva vilayətində "Crocus City Hall" da baş verən terror aktı, bu terror aktı nəticəsində 100-dən çox insanın həlak olması faktı bunun əhəmiyyətini bir daha sübut etdi. Xarici ölkələrdə terror aktlarının tüğyan etdiyi dövrdə xüsusi xidmət orqanlarının öz ayıq-sayıqlığını artırması, kəşfiyyat-informasiya şəbəkəsini genişləndirməsi ikiqat önəm kəsb edir. Bu mənada DTX-nin gördüyü uğurlu əməliyyatlar, sözsüz, təqdirəlayiqdir.

 

Məhz bunun nəticəsidir ki, bir neçə gün bundan əvvəl Azərbaycanda terror aktları planlaşdıran şəxslər ifşa olunub. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış araşdırmalar zamanı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsd hazırlayan şəxs həbs edilib.

 

Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının çoxşaxəli, uğurlu və dövlətin təhlükəsizliyini hədəf alan fəaliyyətindən geniş bəhs etmək olar. Lakin fəaliyyəti bütöv bir xalqın, dövlətin təməl uğuru olan qurumun xidmətlərini saymaq, dəyərləndirmək də asan məsələ deyil. Son olaraq, ölkəmizdə təhlükəsizlik orqanlarına göstərilən yüksək diqqət və qayğı göstərir ki, təhlükəsizlik mühitinin formalaşması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsi Azərbaycan dövlətinin fəaliyyətinin mühüm tərkib hissəsidir.

 

Bu vəzifəni layiqincə yerinə yetirən təhlükəsizlik keşikçilərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

 

Türkan


OXŞAR XƏBƏRLƏR

"ABŞ bizə qarşı müharibə elan edib" - Medvedev Rusiyanın talan edildiyini AÇIQLADI

Medvedev ABŞ-nin Rusiyanı talan etdiyini deyib.   Sfera.az bildirir ki, o, bu barədə “Telegram” kanalında qeyd edib.   Rusiya ...

Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib

Azərbaycanın daha 3 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında mübarizəyə qoşulub.   Sfera.az xəbər verir ki, yarışın so...

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan AYRILIR? - "Mövsümün sonunda..." - Özü AÇIQLADI 

Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək.   Sfera.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Türkiyənin &q...

60 yaşlı qadın dünya gözəli seçildi - FOTO 

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən gözəllik müsabiqəsinin qalibi Alejandra Marisa Rodriges olub.   Sfera.az xəbər verir ki, 60 yaşlı Alej...

Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev Azərbaycan Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” MMC arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib o...

Qubada kəsici-deşici alətlər satan şəxslər SAXLANILDI

Qubada müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Quba reg...