Ana Vətən Partiyasının BƏYANATI

Avropa Şurasının Parlament Assambleyası tərəfindən Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiq edilməməsi ölkəmizin üzləşdiyi növbəti ikili standartlardandı. Erməni lobbisi tərəfindən maliyyələşən avropalı məmurların təmsil olunduğu təşkilatlar Fransa kimi dövlətlərin moderatorluğu ilə Qarabağ zəfərindən sonra bizə qarşı şər kampaniyalarını daha da artırıblar. Respublikamızın güclənməsi, cənab Prezident İlham Əliyevin dövlətçiliyimizə və milli maraqlarımıza xidmət edən müstəqil xarici siyasətinin verdiyi uğurlu nəticələr, Azərbaycana düşmən kəsilən qüvvələri getdikcə daha da narahat edir.
Bəşər tarixində ən böyük qırğınlar, müharibələr, soyqırımlar törədərək günümüzdə də öz çirkin siyasətlərini davam etdirənlər, bizi “insan hüquqlarını pozmaqda”, “etnik təmizləmə” aparmaqda ittiham edirlər. Avropa Şurasının “Milli azlıqların qorunması üzrə Konvensiyasına” qoşulmayaraq ölkəsində “milli” və “etnik azlıq” olmadığını iddia edən, Korsika xalqının öz mədəni irsini yaşatmağı, doğma dilindən istifadə etməyi qanunvericiliyi ilə qadağan edərək, cinayət hesab edən Fransa kimi ölkələrin “erməni sevdası” onları daha da simasızlaşdırır.
Azərbaycanın 2001-ci ildən “Ermənistanın torpaqlarımızı işğal etməsi faktının” müzakirə olunması üçün verdiyi təkliflərini dəfələrlə rədd edən, “burda siyasi məsələlər müzakirə olunmur” bildirən AŞPA bu gün açıq şəkildə dövlətimiz əleyihinə siyasi qərar qəbul edir.
Ermənistanın təcavüzünü, minlərlə insanları qətl etməsini, bir milyon azərbaycanlının fundamental hüquqlarının pozulmasını, bu gün də davam edən mina terrorunu görməzdən gələrək susan, görməyən təşkilatın, ölkəmizin ərazi bütövlüyünü bərpa edərək, beynəlxalq hüququn təmin olunmasını “etnik təmizləmə” kimi qəbul etməsi regionda yeni çüçərən sülhə vurduğu böyük zərbədir.
Çıxardığı qərarın heç bir hüquqi əsası olmayan, özünü insan hüquqlarının “qoruyucusu” və “müdafiəçisi” kimi göstərən, lakin yurisdiksiyasına daxil olan bölgədə insan hüquqlarının pozulmasına ən böyük təhlükə mənbəyi olan müharibə və münaqişələrin bitməsinə, sülhün əldə edilməsinə heç bir fayda verə bilməyən Avropa Şurası Parlament Assambleyası belə qərəzli siyasəti ilə Ermənistanı yeni müharibəyə həvəsləndirərək Cənubi Qafqazda sabitliyə böyük təhlükə yaradır.
Ana Vətən Partiyası AŞPA - nın Azərbaycana qarşı siyasətini qətiyyətlə pisləyir və nümayəndə heyətimizin prinsipal mövqeyini və qərarını dəstəkləyir.
27 yanvar 2024-cü il