Lavrovun müavinindən SENSASİON MESAJ: “Sülh olmayacaq” -  Rusiya nəyə hazırlaşır?

Lavrovun müavinindən SENSASİON MESAJ: “Sülh olmayacaq” -  Rusiya nəyə hazırlaşır?

“Ukrayna ilə 2024-cü ildə belə atəşkəs əldə olunmayacaq. Mən sülh yox, məqsədlərimizə nail olacağımızı gözləyirəm”.

 

Bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov “İzvestiya” qəzetinə müsahibəsində deyib. O bildirib ki, ABŞ sülh istəyirsə, Moskvaya yox, Kiyevə üz tutmalıdır.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, savaşın ilk vaxtlarında kollektiv Qərbin Ukraynadakı müharibə ilə bağlı mövqeyi vahid olsa da, artıq ABŞ ilə Avropa İttifaqı arasında fikir ayrılığı aydın hiss olunur:

 

“Eyni zamanda, ABŞ-nin özündə də savaşla bağlı ziddiyət yaranıb. Pentaqon, ABŞ Dövlət Departamenti və digər rəsmi qurumlar ortaya ortaq mövqe qoymaqda çətinlik çəkirlər. Döyüşlər başlanandan bəri bir çox ekspertin iddia etdiyi əsas ssenari Ukraynanın gələcəkdə parçalanması ilə əlaqəli idi. Bu ehtimal hər ötən gün daha da artır. Kremldə də başa düşürlər ki, müharibə hələ uzun çəkə bilər. Rusiya həm də cəmiyyətini savaşın daha çox uzanacağı ssenarisinə hazırlayır. Ryabkovun “mən sülh gözləmirəm” fikri belə düşünməyə əsas verir”.

 

Müsahibimiz qeyd edib ki, diplomat bilavasitə Vaşinqtonu Kiyevi ərazi güzəştinə getməyə çağırmağa səsləyib:

 

“Bəlkə də, artıq "səhnə arxasında" belə müzakirələr gedir. Səslənən bəyanatlar göstərir ki, Ukrayna ərazi güzəştinə getmək niyyətində deyil.  Gələcəkdə Vaşinqton - Kiyev xəttində gərginliyin daha da artması gözləniləndir. Nəticə etibarı ilə müharibə hələ uzanacaq, mövqe döyüşləri davam edəcək. Tərəflərdən hansınınsa ən azı yaxın gələcəkdə ciddi üstünlük əldə edəcəyi gözlənilmir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR