Sarkisyan rayonları qaytarmağa hazır idi, amma... - sensassion açıqlama (FOTO)
Siyasət
20:57 / 10.11.2016
2556
Rusiya prezidenti Vladimir Putin bu ilin iyun ayında Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinə Dağlıq Qarabağ ətrafındakı 2 rayonun qaytarılmasını, əvəzində kommunikasiyaların açılmasını nəzərdə tutan "olduqca konstruktiv” təklif vermişdi.
Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda ABŞ dövlət katibinin keçmiş köməkçisi, Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza tert.amerməni saytına müsahibəsində danışıb. "Mən ehtimal edirəm ki, təklif Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasını da nəzərdə tuturdu, hərçənd təklifin bu hissəsi barədə məlumatı rəsmi kanallardan almamışam. Ancaq bu, əlavə danışıqlar predmeti olacaq məsələ idi” - keçmiş diplomat deyib.
Brayzanın sözlərinə görə, Putinin Sankt-Peterburqda irəli sürdüyü təklif tərəflər üçün tamamilə cəlbedici idi, çünki orada danışıqların uzunmüddətli dalan vəziyyətindən çıxarılmasının yolu göstərilirdi.
"Mən Bakıda apardığım müzakirələr zamanı öyrəndim ki, Azərbaycan rəhbəliyi bu təkliflərə real ümidlər bəsləyir. İnanıram ki, Sərkisyan da Putinin təklifinə dəstəyini ifadə etmişdi. Və Ermənistanda iyul hadisələri də elə buna görə başladı, ərazilərin qaytarılmasına qarşı olan silahlı qrup polis idarəsini ələ keçirdi. Azərbaycanda da bu cür kompromislərə qarşı olan radikallar var. Ona görə də Sərkisyan və Əliyev Putinin təklifini dəstəkləyərək böyük cəsarət nümayiş etdirmişdilər” - Metyu Brayza deyib.
Xatırladaq ki, amerikalı keçmiş diplomat bir neçə ay əvvəl Putinin 2 rayonun qaytarılması, əvəzində kommunikasiyaların açılması barədə təklifi haqda danışıb, ancaq prezidentlərin bu təklifi dəstəklədiyi barədə nəsə deməyib. Brayza demişdi ki, o, məlumatı danışıqlara yaxın diplomatik mənbədən alıb. Tərəflər məsələni şərh etməyiblər.
Sfera.az-ın araşdırmasına görə, Metyu Brayzanın müsahibəsi Ermənistanın nüfuzlu saytlarından olan www.tert.am-da təxminən 3 saat əvvəl yayılıb. Lakin sonradan həmin xəbər saytdan silinib.
"Belə səhifə mövcud deyil, - deyə səhifədə yazılır.