Azərbaycanda 2 mənbədən pensiya almaq mümkün olacaq? – Deputat DETALLARI AÇIQLADI

Azərbaycanda 2 mənbədən pensiya almaq mümkün olacaq? – Deputat DETALLARI AÇIQLADI

"Özəl pensiya fondunun yaradılması üçün normativ hüquq sənədlərin hazırlanması istiqamətində işlər görülür. Hökumətdə müzakirələr yekunlaşandan sonra sənəd Milli Məclisə təqdim olunacaq".

 

Sfera.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Millət vəkili insanların dövlətlə bərabər, həm də bu fonddan pensiya ala biləcəyini qeyd edib:

 

"Özəl pensiya fondlarının yaradılması uzun müddətdir ki, müzakirə olunur. Demək olar, bütün inkişaf etmiş ölkələrdə bu təcrübədən istifadə olunur. Həmin dövlətlərin təcrübəsi göstərir ki, vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edir. Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, həmçinin özəl pensiya fondundan pensiya ala bilsin. Yəni, bir deyil, iki mənbədən vəsait almaq pensiya məbləğinin artmasına gətirib çıxarır. Oxşar praktikanın Azərbaycanda da tətbiq edilməsinə ehtiyac var."

 

Parlamentari özəl pensiya fondunun yaradılması ilə pensiya məbləğinin yüksələcəyi həddən danışıb:

 

"Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlərə uyğun olaraq, məsələn, əlavə olaraq 300 manat almaq imkanı qazanacaq. Bu o deməkdir ki, vətəndaşımızın pensiyası bu halda 500 deyil, 800 manat olacaq. Təbii ki, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir. Fondda vəsaitlər milli valyutada yığılır və onun idarə edilməsi həyata keçirilir. Ona görə də, burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması vacibdir. Bu baxımdan, təklif edirik ki, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyası həyata keçirilsin, valyuta riskləri sığortalansın. Bütün riskləri nəzərə almaq üçün tam təkmil mexanizmin hazırlanması və təqdim edilməsi vacibdir. Bütün hallarda, özəl fond vətəndaşlarımız üçün pensiyalarını artırmaq üçün yeni imkan olacaq".

 

Əzizə


OXŞAR XƏBƏRLƏR