Yeniyetmələr neçə yaşından sonra cinayət məsuliyyətinə cəlb olunur? - EKSPERT

Yeniyetmələr neçə yaşından sonra cinayət məsuliyyətinə cəlb olunur? - EKSPERT

2017-ci ildən 2020-ci ilə qədər uşaqlar arasında törədilən cinayət halları azalmağa doğru gedib. 2020-ci ildə azalma dayanıb və cinayətlərin sayı 1 nəfər artıb. Bundan sonrakı ildə də azalma davam edib. Lakin 2022-ci ildə bu göstərici 2021-ci ilə nisbətdə 24,1% artaraq 433-ə çatıb.

 

Ümumiyyətlə, zaman-zaman 14-17 yaş aralığında olan uşaqların qəsdən, yaxud ehtiyatsızlıq səbəbilə cinayət törətməsi ilə bağlı xəbərlərlə tanış oluruq. Maraqlıdır, 18 yaşına çatmayan şəxslər cinayət törətdikdə məsuliyyəti kim və hansı qaydada daşıyır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Sevər Umarova bildirib ki, şəxs artıq 16 yaşdan etibarən cinayət məsuliyyəti daşıyır. Ölkə qanunvericiliyndə isə yaş senzinin azaldılması real görünmür:

 

“Beynəlxalq qanunvericilikdə yaş həddi daha aşağı olsa da, bizim qanunvericiliyimizdə cinayət məsuliyyətinə cəlb etmək üçün şəxsin yaşı ən azı 14 olmalıdır. Qanunvericiliyə əsasən, əgər cinayət əməli törədən uşağın 16 yaşı varsa, bu zaman o, qanun qarşısında məsuliyyət daşıyır. Amma istisna hallar var ki, adamöldürmə, sağlamlığa az ağır və ya ağır zərərvurma, adam oğurluğu, terrorçuluq, insanları girov götürmə, odlu silahdan istifadə kimi hallara görə 14 yaşı tamam olmuş uşaqlar da  cinayət məsuliyyətinə cəlb olunur. Bu şəxslər cinayət törədərsə, onlar üçün cinayət qanunvericiliyinə əsasən müəyyən edilən cəza növləri cərimə, islah işləri, ictimai işlər, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmədir. Bu cəza növləri yetkinlik yaşına çatmayan şəxslər üçün demək olar ki, qismən güzəştli olaraq müəyyən edilir, yəni adi hallara müəyyən edilən müddətlərə nisbətən daha az müddətdə tətbiq edilir. Məsələn, azadlıqdan məhrumetmə maksimal olaraq  25 il müddətinə təyin edilibsə, bu, adi haldır amma  yetkinlik yaşına çatmayan şəxslər üçün bu, 10 ildən artıq olaraq müəyyən edilmir. Hələ ki  qanunvericiliyimizdə müəyyən olunan yaş həddinin artırılıb yaxud azaldılması ilə bağlı hər hansı bir fikir irəli sürülməyib. Cəza növü isə dəyişə bilir, bu cinayət qanunvericilyində də nəzərdə tutulub. Əgər sonradan cəza tətbiq edilən şəxs şərti tətbiq olunmuş cəzanın  müəyyən hissəsini çəkdikdən sonra  islah olunursa  bu zaman cəza yüngül cəza ilə də əvəz oluna bilər, hətta onun  cəzadan azda olunması belə mümkündür.”

 

Vəkil bəzi hallarda valideynlərin uşaqlarının cinayətinə görə məsuliyyət daşıya biləcəyini qeyd edib:

 

“Yetkinlik yaşına çatmayan şəxsə cəza növü təyin olunarkən həm də uşağın psixi vəziyyəti də nəzərə alınır. Həmçinin yetkinlik yaşına çatmayanlara cərimə cəzası sadəcə istisna hallar kimi tətbiq olunur. Belə ki, həmin yetkinlik yaşına çatmayan şəxs əmək haqqı alırsa və ya onun bir əmlakı varsa bu cərimə halda tətbiq edilir. Bu məbləğ də adi cərimə məbləğindən fərqlidir, yəni maksimum olaraq 600 manat cərimə tətbiq oluna bilər. Qeyd edim ki, əgər  uşağın yaşı 14-dən aşağıdırsa və  cinayət törədibsə cinayət qanunvericiliyinə əsasən bu şəxslər üçün cinayət məsuliyyəti yaranmır.  Uşağın əməli qəsdən və ya ehtiyatsızlıqdan törətməsi halları da ola bilər, yəni bunlar fərqlənə bilər. Əgər uşaq cinayəti həqiqətən də qəsdən olaraq yox, sadəcə nəzarətsiz qaldığı üçün törətmişdirsə, müvafiq olaraq onun valideyninə müəyyən çərçivədə tədbirlər görülə bilər. Bu zaman valideynlərə inzibati tənbe, yəni cərimə tətbiq olunur."

 

Qeyd edək ki, qanunvericiliyə əsasən, azadlıqdan mərum edilən uşaqların xüsusi hallar istisna olmaqla, valdeynləri ilə mütəmadi əlaqə saxlamaq hüququ var. Eyni zamanda 18 yaşına çatmamış şəxslərə ömürlük  həbs cəzası tətbiq oluna bilməz.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR