Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında ən önəmlisi ölkəmizin xarici valyutada gəlirlərinin artmasıdır.

 

Sfera.az bildirir ki, 1994-cü ildə bağlanan müqavilə yeni neft və qaz sazişlərinin imzalanması üçün geniş yol açıb. Bunun sayəsində Azərbaycana investisiya qoyuluşu artıb, dövlətin və ölkə əhalisinin gəlirləri xeyli yüksəlib.

 

Bəs Azərbaycan xarici şirkətlərlə bağlanan müqavilələr üzrə neft və qazdan nə qədər gəlir əldə edib?

 

Azərbaycanın neft və qazın hasilatından və satışından nə qədər gəlir əldə etdiyini dəqiq söyləmək çətindir. Çünki bununla bağlı rəsmi məlumatlar açıqlanmır, yalnız Dövlət Neft Fondu tərəfindən yığcam məlumatlar açıqlanır. Neft Fondunda dövlətin payına düşən neft və qazın satışından daxil olan gəlirlər toplanır. 2001-ci ildən bu Fonda vəsait daxil olur. Rəsmi məumata görə, 2001-2023-cü ilin sonuna kimi neft-qaz sazişlərindən gəlirlər 185,2 milyard dollar olub. Həmin vəsaitlərin idarəedilməsindən daha 11,5 milyard dollar qazanc əldə edilib.

 

2024-cü ilin yanvar-iyun ayları ərzində Fonda daha 5,444 milyard dollar daxil olub. Ümumilikdə, fondun 2001-ci ildən 2024-cü ilin iyulun 1-nə kimi gəliri 202,14 milyard dollar təşkil edib. İndiyə qədər Fondun 141,07 milyard dollar vəsaiti xərclənib və hazırda Fondda 60 milyard dollara yaxın vəsait var.

 

Dövlətin neft və qaz hasilatı və satışından gəliri sadəcə Fondda toplanan vəsaitdən ibarət deyil. Azərbaycan beynəlxalq şirkətlərlə bağlanan müqavilələrdən yüksək məbləğdə vergilər də toplayıb. Hər il bir neçə milyard dollar mənfəət vergisi alınır.

 

Məsələn, 2023-cü ildə hasilatın pay bölgüsü layihəsi çərçivəsində neft və qazın ixracı üzrə 1,2 milyard dollardan çox mənfəət vergisi alınıb. Əvvəlki illərdə neft ixracının daha çox olmasını nəzərə alsaq, alınan mənfəət vergisi də daha yüksək olub. Təxmini hesablamalarla deyə bilərik ki, Azərbaycan neft və qazdan yalnız birbaşa vergi şəklində əldə etdiyi gəlir 30 milyard dollardan çoxdur.

 

Digər gəlirlərə işçilərə verilən əməkhaqqından alınan vergi, pensiya fonduna ödənilən sığorta haqqı da aiddir. Bunlar da bir neçə milyard dollar həcmindədir.

 

Bunlarla yanaşı, ölkəmiz neft və qaz hasilatı zamanı payına düşən qazın bir hissəsini ixrac etmir, daxili istehlaka yönəldir. İndiyə qədər daxili istehlaka yönəldilən qazın ixrac qiymətləri ilə dəyərini hesabladıqda məlum olur ki, Azərbaycan daha bir neçə milyard dollar vəsaiti payına düşən qazdan əldə edib.

 

Beləliklə, son 30 ildə Azərbaycanın xarici şirkətlərlə bağlanan müqavilələr üzrə neft və qazın hasilatından və ixracından əldə etdiyi birbaşa və dolayı gəlir 250 milyard dollardan yüksəkdir. Bu faktın özü 1994-cü ilin sentyabrında bağlanan neft kontraktlarının ölkəmiz üçün nə qədər faydalı olduğunu göstərir.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR