"Nə İran, nə də Rusiya..." - Ərdoğanda İraq hökumətinə sərt mesajlar
13:54 / 29.12.2015
896
"Türkiyə hazırda 300 min iraqlı qaçqını qonaq edən bir ölkədir. Bunu nə İran edib , nə də Rusiya"
Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Silahlı Qüvvələrinin İraqdakı Başika düşərgəsindən çıxıb-çıxmayacağı sualına cavab verərkən deyib.
Ərdoğan bir daha İraqın baş naziri Heydər əl İbadinin Türkiyə səfəri zamanı onlardan yardım istəməsinə diqqət çəkib.
" 2014-cü ildə İbadinin xahişi əsasında oraya təlim keçmək üçün əsgər göndərmişik. İraq rəsmiləri də Başkiada qurduğumuz düşərgəni ziyarət ediblər. Bunların içində İraqın müdafiə naziri də olub."
Ərdoğan Rusiya, İran, İraq və Əsəd rejiminin bir ittifaq qurduğunu və Putinin Türkiyəni də həmin ittifaqa çağırdığını deyib.
"Mən Putinə dedim ki, biz dövlət olaraq qanuni hakimiyyət hesab etmədiyimiz Əsəd rejimi ilə eyni masada necə oturaq? Bizim bu ittifaqda iştirak etməyimiz mümkün deyil. Bu bizim işimizin nə qədər haqlı olduğunu göstərdi."
Türkiyə prezidenti İraq hökumətinin tələblərini Türkiyənin Rusiya təyyarəsini vurması ilə əlaqələndirib.
"Əlbəttə məlum təyyarə olayından sonra, vəziyyət gərginləşdi. Rusiya BMT-yə türk əsgərlərinin İraqdakı varlığı ilə bağlı şikayət etdi və bu müraciət rədd edildi. Daha sonra İraq hökuməti analoji addımı atdı. Qərar belə oldu ki, iki ölkə arasında bu məsələni həll etsin. Mənim Barak Obamayla da bu məsələ ilə bağlı telefon danışığım oldu. Baxın biz illərdir, mən baş nazir olduğum dövr də daxil olmaqla İraq ərazisindən terror təhdidi alırıq. PKK-nın terror təhlükəsinə qarşı biz İraq tələb edirik, tədbir görsünlər. Baxın həm İraqın Qəndil ərazisində həm də İran ərazisində PKK terrorçularının düşərgələri var. Bunlara müdaxilə etmək məcburiyyətindəsiniz. siz bunlara qarşı lazımi müdaxilə etməyəcəksinizsə biz müdaxilə etmək məcburiyyətində qalacağıq dedik.
Təəssüf ki, heç bir zaman İraq hökuməti PKK-ya qarşı tədbir görməmişdir. Hazırda İŞİD İraqın üçdə birini tutub. İraq hökuməti buna qarşı bir tədbir görə bilirmi? İraq hökumətinə xatırladıram, bizim mövqeymiz, nə Rusiyanın, nə də İranın mövqeyi deyil.
Türkiyə hazırda 300 min iraqlını qonaq edən bir ölkədir. Bunu nə İran edir, nə də Rusiya. Bizim Başikada varlığımız ilk növbədə Mosul xalqının çağırışı üzərinə atılmış bir addımdır"deyə Ərdoğan bildirib.