Düzdür, o, farsdır, Azərbaycan dilini bilmir…” – Ana İranda itkin düşən oğlunun sevgilisindən nə istədi?

“Düzdür, o, farsdır, Azərbaycan dilini bilmir…” – Ana İranda itkin düşən oğlunun sevgilisindən nə istədi?

İrana səfər etdiyi güman edilən və yaxınları ilə əlaqəsi kəsilən Azərbaycan vətəndaşı Fərid Səfərlinin harada olmasına dair hələ də məlumat yoxdur, onun anası bildirir. BBC-yə danışan Dilarə Əsgərova oğlu ilə sonuncu dəfə martın 3-də əlaqə saxladığını deyib.

 

Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün hadisə ilə bağlı İranın Azərbaycandakı səfirliyinə nota verib. Cümə günü qurumdan BBC-yə hələlik sadəcə notaya cavab gözlədiklərini bildiriblər.

 

İran səfirliyi məsələ ilə bağlı BBC-nin sorğusuna cavab verməyib.

 

Almaniyanın Yena Universitetində magistr təhsilini bu il başa vuran Fərid Səfərlinin anası deyir ki, oğlu ona İrana gedəcəyini deməyibmiş:

 

“Çünki bilib ki, icazə verməzdim. Fərid fevralın 20-dən İranda imiş. Dostlarının mənə bildirdiyinə görə, İranda sevdiyi qız var imiş. Fəridgilin universitetində oxuyanda tanış olublarmış. Onunla görüşmək üçün gedib. Əvvəl Türkiyədə görüşəcəklərmiş, sonradan isə İrana gedib”.

 

Dilarə Əsgərovanın sözlərinə görə, ayrı şəhərdə yaşayan oğlu getdiyi gündən evdə olduğunu deyirmiş . Bu arada, onun dostlarından yalnız bir nəfərin iranlı sevgilisi barədə xəbəri olub, lakin o, da həmin xanımın kim olduğunu dəqiq bilmir.

 

“Ən azından qızı tanısaydıq, onunla əlaqə qurmağa çalışardıq”, Dilarə Əsgərova deyir.

 

Çarəsiz qaldığını deyən ana bildirir ki, hələlik Azərbaycanın və İranın Almaniyadakı səfirliklərinə müraciət ünvanlayıb. Lakin İranın Almaniyadakı səfirliyindən cavab almayıb.

 

“Mənim olduğum şəhər İranın Almaniyadakı səfirliyindən çox uzaqdadır. Amma cümə günü cavab ala bilməsəm, özüm İran səfirliyinə gedəcəm. Hazırda Azərbaycan səfirliyinin verdiyi notaya cavabı gözləyirəm”.

 

Dilarə Əsgərova ümid edir ki, cümə günü Azərbaycan XİN-dən də rəsmi məlumat ala biləcək.

 

“İstəyirəm oğlumun sevgilisinə müraciət edim. Düzdür, o, farsdır, yəqin ki, Azərbaycan dilini bilmir. Amma əgər bu dediklərimi oxuyacaqsa, xahiş edirəm, mənim Facebook profilimə yazsın. Mənim profilim paylaşılıb, məni tapa bilər. Xahiş edirəm, mənə yazsın. Çünki oğlumu sonuncu dəfə o görüb”, ana deyir.

 

Dilarə Əsgərova oğlunun qadınla görüşə getdiyi üçün şəriət qanunları ilə cəzalandırıldığını və ya Azərbaycanla İran arasında son aylarda baş verən gərginliklərə görə saxlanıldığını ehtimal edir.

 

Azərbaycan XİN-I bildirir ki, Fərid Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri aparılır və məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

 

Yanvarın 27-də Azərbaycanın İran paytaxtındakı səfirliyinə hücum edilib, nəticədə mühafizə xidmətinin bir əməkdaşı öldürülüb, daha iki nəfər xəsarət alıb. Baş verən hadisə İran Azərbaycan arasındakı münasibətləri gərginləşdirib.

 

Bu hadisədən sonra Azərbaycanın Xarici İşlər Nazirliyi vətəndaşlara “zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələrini” tövsiyə edib.


OXŞAR XƏBƏRLƏR

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...

İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olu...

Mayora şəhid adı veriləcək - FOTO

Gəncə İnzibati Məhkəməsi 2008-ci ildə həyatını itirən mayor Abbasov Rövşən Akif oğluna şəhid adının verilməsi ilə bağlı Müdafiə Nazirliyi üzərinə öhdəlik qoyub....