Bu il milli gəlirdən büdcəyə düşən pay azalıb – SƏBƏBLƏR
2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlər və xərclər hissəsinin ümumi daxili məhsul (ÜDM) istehsalına nisbəti son illərin ən aşağı səviyyəsinə düşüb. Noyabrın sonuna aid olan məlumata əsasən, büdcə gəlirlərinin ÜDM-ə nisbəti 23,9 faiz olub.
Sfera.az xatırladır ki, sonuncu dəfə belə aşağı göstərici 2017-ci ildə qeydə alınmışdı. Həmin ildə gəlirlərin ÜDM-ə nisbəti 23,5 faiz olmuşdu. Daha sonra nisbət artaraq 2020-ci ildə 34,1 faizə çatsa da, 2021-ci ildə yenidən azalaraq 28,5 faizə düşüb. Bu il isə azalma bir qədər də dərinləşərək 23,9 faizə çatıb.
Büdcə xərclərinin ÜDM-ə nisbəti daha çox kiçilib. 2017-ci ildə 25,1 faizə enən nisbət bu ilin noyabrın sonunda 21,4 faiz təşkil edib.
Böyük ehtimalla ilin sonunda xərclərin ÜDM-ə nisbəti bir qədər yüksələcək. Çünki ilin son ayında büdcə xərcləri kəskin artır. Xərclər artdığından ÜDM-ə nisbət bir qədər yüksələcək. Bununla belə xərclərin ÜDM-ə nisbəti əvvəlki illərə nisbətən aşağı olacaq.
Büdcənin ÜDM-ə nisbətinin azalması iqtisadiyyatın nominal dəyərinin yüksəlməsi ilə bağlıdır. ÜDM-in nominal dəyəri ötən illə müqayisədə 50 faiz, yəni 40 milyard manat artaraq 121 milyard manatı ötüb. İqtisadiyyatda yaradılan əlavə dəyərin həcminin kəskin şəkildə artması büdcənin ÜDM-ə nisbətini kiçildib.
Büdcənin ÜDM-ə nisbətinin az olması müsbət hal deyil. Bu, o deməkdir ki, iqtisadiyyatda yaranan dəyərdən büdcəyə düşən pay azalır.
Adətən federativ respublikalarda nisbət az olur. Çünki ölkədə olan xərclərin önəmli hissəsi federal büdcələr vasitəsilə ödənilir. Amma unitar respublikalarda əksinə, daha çox yük mərkəzi büdcələrə düşür. Buna görə də, Azərbaycan kimi unitar olan respublikalarda büdcə xərclərinin ÜDM-ə nisbəti yüksək olur.
Büdcə xərclərinin ÜDM-ə nisbətinə təsir edən əsas faktorlardan biri də adambaşına düşən gəlirlərdir. Adambaşına düşən gəlir yüksək olan ölkələrdə nisbət daha böyük olur. Bu əlaqədən irəli gələrək inkişaf etmiş unitar respublikalarda nisbət 40-50 faiz, inkişaf etməkdə olan ölkələrdə 25-35 faiz səviyyəsində dəyişir.
Azərbaycanda büdcə xərclərinin ÜDM-ə nisbətinin 30-35 səviyyəsinə çatdırılması mümkündür. Bunun üçün qeyri-neft ÜDM-in həcminin artırılması, eyni zamanda iqtisadiyyatın şəffaflaşdırılması, kölgə iqtisadiyyatının miqyasının kiçildilməsi vacibdir.
Vasif