Rusiya ABŞ-ı müharibəni uzatmaqda günahlandırdı: "Ən azı 2025-ci ilə qədər..."
“ABŞ Ukraynadakı münaqişəni uzatmağa çalışacaq”.
Sfera.az “RİA Novosti”yə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, Vaşinqtonun planlarından danışıb: “ABŞ ən azı 2025-ci ilin sonuna qədər Ukraynada hərbi əməliyyatları davam etdirməyi planlaşdırır. Onlar bunu heç kimdən gizlətmədikləri sənədlərə əsaslanaraq edirlər”.
Zaxarova xatırladıb ki, ABŞ prezidenti Co Bayden Kiyevə 37 milyard dollar yardımın 2023-cü il büdcəsinə daxil edilməsinə çalışır.
“Vəsaitlərin böyük hissəsinin Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yönəldiləcəyi dəqiqləşib. Bundan sonra balansın hansı Avropa, dünya banklarında və özəl fondlarda yerləşdiriləcəyinə qərar veriləcək. Hava hücumundan müdafiə sistemlərinin alınması üçün noyabrın sonunda bağlanmış və 3 il müddətinə hesablanmış 1,2 milyard dollarlıq müqavilə də eyni məntiqə uyğundur”, - deyə o vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ hakimiyyəti Ukraynaya hərbi yardımın çatdırılmasının davam etdiyini təsdiqləmişdi. “Biz Rusiya ilə müharibə istəmirik. Lakin Ukraynaya özünü müdafiə etmək imkanı verəcəyik”, - deyə Pentaqonun sözçüsü Sabrina Sinq söyləmişdi.
Günay Rəsulqızı