Putinin “sağ əli” Ərdoğandan bunu XAHİŞ EDƏCƏK
Rusiya Prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Türkiyəyə gedəcək. Səfərin detalları açıqlanmasa da, xüsusi nümayəndə heyətinin bir sıra rəsmi şəxslərlə görüşəcəyi bildirilib. Görüşlər zamanı Suriyadakı durumun müzakirə olunacağı gözlənilir.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Moskva Ankaranın Suriya və İraqda quru əməliyyatlarına başlamasını istəmir və güman ki, görüşdə əməliyyatların perspektivi müzakirə ediləcək:
“Lavrentyev Suriyadakı əməliyyatlarla bağlı Rusiyanın mövqeyini Türkiyəyə çatdıracaq. Amma bu, xahiş səviyyəsindən o tərəfə keçə bilməz. Rusiya Türkiyə ilə diktə dilində danışmağa cəsarət etməz. Bu halda Moskva Ankara qarşısında “gözü kölgəli ola bilər”. Çünki Ukrayna ilə Rusiya arasında davam edən müharibədə Türkiyə neytral mövqe tutan nadir Avropa, yeganə NATO dövlətidir. Kreml bu jesti unutmamalıdır. Rusiya başa düşməlidir ki, Suriyada Türkiyəyə mane olarsa, bu, bumeranq effekti verəcək və itirən özü olacaq. Əgər Rusiya Türkiyənin quru əməliyyatlarına başlamasını istəmirsə, onda bunun qarşılığını verməli, müxtəlif geosiyasi proseslər, o cümlədən Cənubi Qafqazdakı durumla bağlı bu dövlətin istəklərini yerinə yetirməlidir”.
Müsahibimizin fikrincə, Rusiya Ərdoğanla Əsədin görüşündə də maraqlıdır:
“Hətta Kreml belə bir görüşə ev sahibliyi etməyə hazır olduğunu bildirib. Çünki liderlərin ehtimal edilən görüşü nəticəsində Suriyada “suların durulması” Moskvanın maraqlarına uyğundur. Bu baxımdan görüşdə Türkiyə və Suriya liderləri arasında ehtimal edilən görüş barədə müzakirələrin baş tutması da mümkündür. Rəsmi Ankaranın loyal bəyanatlarına baxmayaraq, indiki halda qardaş ölkə bu görüşə isti yanaşmayacaq. Türkiyə ehtimal edilən görüşədək əvvəlcə öz təhlükəsizliyini tam təmin etməyə çalışacaq”.
Günay Rəsulqızı