“Özlərindən “dərman dili” icad ediblər” – Deputatdan ETİRAZ

“Dərman preparatlarının üzərindəki izahedici məlumatlar ilk baxışda azərbaycan dilindəymiş kimi görünsə də, əslində elə deyil. Xüsusi bir dil icad ediblər – “Dərman Dili”. Gərək hər məlumatı oxuyanda sənin yanında bir həkim olsun”.
Sfera.az bildirir ki, bunu deputat Sabir Rüstəmxanlı deyib. O, qeyd edib ki, xəstə dərmana əlavə olunan vərəqi oxuyub başa düşməlidir və burada bütün tibb terminlərini olduğu kimi saxlamağa ehtiyac yoxdur:
“Bir neçə misal çəkmək istəyirəm: “Domperidon-periferik dofamin resoptorlarının selektiv antaqonistidir”. Doğrudanmı bu ifadələri dilimizə çevirib elə yazsaq olmaz ki, xəstə başa düşsün? İstənilən həkim bu terminlərin xalq dilinə yaxın variantını bilir. Balaca bir təlimatın az qala bütün cümlələri bu gündədir. Onda zəhmət çəkib bu vərəqlərin tərcüməsinə, çapına niyə pul xərcləyir, bu qədər kağızı niyə zay edirlər? Anlaşılmayan bir məlumatı yaymağın nə mənası? “Sfinkter tonusu”, “hematoensefalik baryer”, “hidrofob polimer maddə”, “absorbsiya”, “N-dealkilləşmə hesabına metobolizə olunur”, “dispeptik simtomlar” mədə rahatsızlığı ilə bağlı olan bu dərmanı yazıq xəstə necə anlasın? Həkimlər deyə bilər ki, bunlar terminlərdir, dəyişdirmək olmaz. Əvvəla, xəstənin, millətimin anlamadığı terminlər mənim nəyimə gərəkdir? Bunları tibb mütəxəssisləri başa düşür, öz aralarında işlətsinlər, amma xəstə ilə onun başa düşdüyü dildə danışsınlar”.
Deputat bildirib ki, sosial mediada həkim məsləhətlərinə və dərman reklamlarına nəzarət də yoxdur:
“Səhiyyə Nazirliyi bu məsələdə yaxasını kənara çəkə bilməz. İnsanların sağlamlığı ilə bağlı olan dərman reklamlarını sərbəst buraxıb, bunu mətbuat azadlığı ilə izah etmək kökündən yanlışdır. Bir də görürsən, bir yalan uydurublar ki, guya azərbaycanlı gənc bir həkim az qala Nobel mükafatına layiq olan bir dərman icad edib. Rəylər ard-arda düzülüb. O həkimi göyə qaldırırlar. Axırda baxırsan ki, reklam olunan saxta və mənasız bir dərmandır. Yaxud da başqa ölkələrin tanınmış həkimlərini Azərbaycan alimi kimi təqdim edirlər. Reklamların çoxu milli mentalitetdən uzaqdır və tərbiyəsizliklərlə doludur. Hələ mən televiziya reklamalarını və sosial mediada təbabətlə bağlı yazıların dilinin nə qədər bərbad olduğunu demirəm. Bizim kifayət qədər mükəmməl ədəbi dilimiz var. Əlavə və eybəcər bir “Dərman dili” də yaratmayaq”.
Türkan