Polisdə döyülərək öldürülən Məhsa Əmininin qətli İranı AYAĞA QALDIRIB

Polisdə döyülərək öldürülən Məhsa Əmininin qətli İranı AYAĞA QALDIRIB

İranda 22 yaşlı Məhsa Əmininin polislər tərəfindən öldürülməsindən sonra yaranan iğtişaşlar davam edir.

 

Sfera.az bildirir ki, İran İSNA agentliyinin məlumatına görə, paytaxt Tehranın “Hicab” küçəsində toplaşan qrup Əmininin ölümünə və "əxlaq polisi" kimi tanınan İrşad patrullarına etiraz edib. Xəbərdə nümayişçilərin hakimiyyət əleyhinə şüarlar səsləndirməsinin ardından təhlükəsizlik qüvvələrinin nümayişçilərə müdaxilə etdiyi bildirilib.

 

Fars Xəbər Agentliyi isə yazıb ki, bəzi qadın nümayişçilər hicablarını çıxararaq ölkə hökumətinə qarşı şüarlar səsləndiriblər. Xəbərdə motosiklet patrulları ilə hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinin dəyənək və bibər qazı ilə etirazçıları dağıtdığı qeyd edilib. Sosial mediada yayılan görüntülərdə təhlükəsizlik qüvvələrinin nümayişçilərə sərt müdaxilə etdiyi və bəzilərinin nəzarətə alındığı görülüb.

 

Qeyd edək ki, sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya çatdırılan Əmininin sentyabrın 16-da ölümü ölkədə hiddətə səbəb olub. Tehran polisindən verilən açıqlamada İrşad patrulunun Əminini bir saatlıq söhbət üçün polis bölməsinə apardığı, gənc qadının qəfil huşunu itirdiyi və ürək xəstəliyindən əziyyət çəkməsi nəticəsində xəstəxanaya yerləşdirildiyi bildirilib. Sosial şəbəkələrdə isə fəallar polisin gənc qadının “qəfildən” huşunu itirməsi ilə bağlı bəyanatını rədd edərək, Əmininin polis idarəsinə gətirilməzdən əvvəl döyüldüyünü iddia ediblər.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR