““Əsrin müqaviləsi” Azərbaycanı böhrandan çıxardı” – Millət vəkili

““Əsrin müqaviləsi” Azərbaycanı böhrandan çıxardı” – Millət vəkili

Bu gün Azərbaycanda neftçilər günüdür. Ölkəmizdə neftçilər günü 2001-ci ildən qeyd edilir. 


Sfera.az xəbər verir ki, Azərbaycanda 1994-cü ilin sentyabrın 20-də “Əsrin Müqaviləsi”nin imzalanması neftçilər günü kimi xatırlanır. 

 

Millət vəkili, iqtisadçı Vüqar Bayramovun fikrincə, 28 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri Bakıda bir araya gələndə çox az adam düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək. 


O qeyd edib ki, "Əsrin müqaviləsi" sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması ilə davam etdirildi:

 

“"Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə, dünyada bağlanan ən iri sazişlərdən biridir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulan 64 milyard dolları investisiya qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldildi. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Nəticədə, enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geo-siyasi alətə çevrildi. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhfə vermiş ölkələrdən sayılır. Digər maraqlı nüans olaraq qeyd etmək istərdik ki, qlobal arenada enerji təchizatçısı kimi Azərbaycanın müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmləndi. Əsrin Müqaviləsi ilk olaraq ölkənin beynəlxalq güvənini ciddi şəkildə artırmaqla xarici investisiya axınlarını sürətləndirdi. Bu investisiyaların böyük bir qismi enerji sektoruna yönəlsə belə, sözügedən sərmayələr ölkə iqtisadiyatının digər sferalarına və işsizlik kimi sosial problemlərə müsbət mənada təsirsiz deyildi”.

 

V.Bayramov deyib ki, 1994-cü ildən başlayaraq Azərbaycan qlobal enerji bazarının ən böyük aktyorları ilə rəsmi şəkildə əməkdaşlığa başladı:

 

“Atəşkəs sazişi" və “Əsrin Müqaviləsi” nəticəsində ölkə iqtisadiyyatının ən uzunmüddətli tənnəzzül prosesi dayandı və 1995-ci ildən başlayaraq tərəqqi meylləri müşahidə edildi. Əgər ölkə iqtisadiyyatı 1994-cü ildə 11,8% kiçilmişdisə, 1995-ci ildə 1,3% artım dərin depressiyanın sonu oldu. Təbii ki, hələ sürətli inkişaf dövrü qarşıda idi və Azərbaycan nefti ilk dəfə 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə dünya bazarlarına çıxacaq və neft gəlirləri ölkənin inkişafında, infrastrukturun bərpasında və sosial imkanların genişlənməsi-büdcə gəlirlərinin artmasında ciddi rol oynayacaqdı”. 


Millət vəkilinin sözlərinə görə, “Əsrin müqaviləsi”nin davamı və onun yaratdığı imkanlar kontektsində 2017-ci ildə Azərbaycan daha bir strateji layihəyə imza atdı:

 

““Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə sazişin uzadılmasında diqqətçəkən bir məqam oldu. "Əsrin müqaviləsi”nin Azərbaycanın milli maraqlarına tam cavab verməsi ilə yanaşı “Yeni əsrin müqaviləsi” ölkəmizin müasir iqtisadi gücünə uyğun olaraq, şərtlərin daha da yaxşılaşdırılmasına imkan yaratdı. “Yeni əsrin müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 40 milyard dollar investisiya qoyulacaq. Bu, neft sektorunun inkişafı baxımından vacibdir, eyni zamanda, neft sektoruna yardımçı sahələrin, hətta qeyri-neft sektorunun inkişafını stimullaşdıran bir amildir. Çünki bütün hallarda neft sektoruna yönəldilən investisiya həm də qeyri-neft sektorunun inkişafı üçün bir maliyyə təminatı formalaşdırır. Bu isə o deməkdir ki, Azərbaycan enerji ölkəsi statusunu hələ uzun müddət qoruyub saxlayacaq”. 

 

Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR