Ərini qətlində şübhəli göstərmək üçün yoxa çıxan yazıçının film kimi qaçışı - Aqata Kristi necə tapıldı?
Detektiv ədəbiyyatın unudulmaz adı, “cinayətlər kraliçası” Aqata Kristi yazıları və həyatı ilə həm dövrünün, həm də bu günün sirli şəxsiyyəti olaraq qalmaqda davam edir. Yazıçının 1926-cı ildə 11 gün yoxa çıxması film və seriallar üçün mövzu olub. Ərinin xəyanətindən xəbər tutan Kristi onu öz qətlində şübhəli göstərmək üçün ağıllı bir plan hazırlayıb, yoxsa yaşadığı xəyanəti həzm etməyərək qəzaya görə yaddaşını itirib?
Sfera.az düz 96 ildir ki, sirli qalan hadisənin gizlinlərinə işıq tutmağa çalışıb. Cinayətləri ustalıqla uyduraraq oxucularına təqdim edən Kristi 1926-cı ildə çox çətin bir dövr yaşayıb. Məşhur yazıçı dekabrın 3-də qəfildən yoxa çıxıb. Kristinin müəmmalı şəkildə itməsi Londonu silkələyib və onun cəsədini tapmaq üçün ölkə daxilində 11 günlük axtarışlar başlayıb. Həmin dövrdə Britaniya mətbuatı nəhayət, bir oteldə tapılan yazıçının başına gələnləri və onun bu müddət ərzində etdiklərini işıqlandırsa da, hekayəyə tutarlı cavab tapa bilməyib.
Tarixçi Lusi Uorsli sirli hekayəni belə təsvir edib.
Uorsli Krisitinin yoxa çıxmasının şöhrət üçün edilmədiyini düşünür. Müəllifin həyatını tədqiq edən tarixçi deyir ki, o vaxt Kristi artıq karyerasının zirvəsində idi və “Roger Achroydun qətli” adlı şah əsərini bitirmişdi, yeni əsərləri isə səbirsizliklə gözlənilirdi. Lakin məşhur yazıçının 1926-cı ilin dekabrında həyat yoldaşı Arçi Kristi ilə evliliyi yaxşı getmirdi. Lusi Uorsli iddia edir ki, Aqata həmin dövrlərdə əsəb böhranı keçirib və əri ilə birlikdə “Stils” adını verdikləri Sanninqdeldəki 12 otaqlı malikanələrinə köçəndə vəziyyət daha da pisləşib:
“Böhrana səbəb Arçinin Aqataya Nensi Nil adlı gənc qadına aşiq olduğunu etiraf etməsi olub. Bu da azmış kimi, boşanma ərəfəsində olan məşhur yazıçı anasının ölümü ilə daha bir zərbə alıb. Arçinin dəfn mərasimində olmaması və onun qeyri-rəsmi münasibəti böhranın dərin nifrətə çevrilməsinə zəmin yaradıb”.
Uorsli həmin zaman Kristinin “yaddaşım itmişdi” ifadəsinin həqiqəti əks etdirdiyini və həyatındakı dərin qarışıqlığın buna səbəb ola biləcəyini qeyd edib. Lakin tarixçi maraqlı bir ehtimala da toxunub: “11 günlük yoxa çıxmaq Kristinin həyat yoldaşını cəzalandırmaq üsulu ola bilərdimi?”.
Uorlisinin sözlərinə görə, o zaman yazıçı həyatına son verməyi də düşünüb. Bu barədə Aqata belə deyib: “Gecəboyu maşınımı məqsədsiz şəkildə idarə etdim. Hər şeyi bitirmək barədə qeyri-müəyyən fikrim var idi. Əvvəllər tanıdığım yollardan keçmişdim və birdən özümü Medenheddə çayın kənarında tapdım. Özümü çaya atmağı düşünürdüm, amma yaxşı üzgüçü olduğum üçün boğulmayacağımı bilirdim. Sonra maşınıma əyləşdim və əvvəlcə Londona, sonra Sanninqdelə və nəhayət Nyulend Kornerinə getdim”.
Yorğunluq və kədərdən pərişan olan Kristi beynində fırlanan qaranlıq bir planı həyata keçirmək qərarına gəlib. Kristinin avtomobili karxana yaxınlığındakı yolda tapılıb, qapısı açıq olan maşında isə Kristidən əsər-əlamət yox idi. Daha sonra uçurumun kənarındakı nəqliyyat vasitəsi haqqında danışan yazıçı hadisəni bu sözlərlə təsvir edib: “Maşınımın yoldan çıxdığını xatırlayıram. Zərbənin təsirindən sükanı buraxdım və başım əzildi”.
Qəzanın baş verdiyi yeri və o zaman saxlanılan hesabatları araşdıran Uorsli deyir ki, məşhur yazıçı hasara dəyməsəydi, uçurumdan düşəcəkdi. Kristi isə həmin dönəmdə dərdlərinin arxada qaldığını və yeni həyata başladığını desə də, insanların çoxu bu hekayəni qənaətbəxş saymayıb. Məşhur yazıçının qəzadan sonra yoxa çıxması ailəsini, dostlarını və polisi heyrətə salıb. Kristinin yoxa çıxmasını araşdıran insanlar iki ssenari arasında qalıblar. Birincisi, məşhur yazıçı həqiqətən də qəzadan dərhal sonra travma və stress pozğunluğu səbəbindən müvəqqəti amneziya yaşayıb və kim olduğunu unudub. Digər ssenari isə hər kəsi nifrət etdiyi həyat yoldaşı Arçinin onu öldürdüyünə inandırmaq olub.
Ən maraqlı məqam isə Kristinin qəzadan sonra özü üçün yaratdığı yeni şəxsiyyət idi. Yaşadığı ağrıdan özünü qorumağa çalışan yazıçı “Aqata Kristi” adını silərək “Miss Teresa Neele” adından istifadə etməyə başladı. Bu hadisəni illər sonra dilə gətirən Kristi "öz taleyini yaza bilməzsən, amma istədiyin xarakterlə istədiyini edə bilərsən", deyə söyləmişdi.
Qəzadan sonra Tereza Nile kimi yoluna davam edən Kristi əvvəlcə “King's Cross Train Station”a gedib və oradan da Harroqeyt şəhərinə yola düşüb. Uorsli deyir ki, qatar təsadüfi seçilib, çünki məşhur yazıçı kitablarını anonim otellərdə yazmağa öyrəşmişdi. “Hydropathic” adlı otelə daxil olan Kristi, bu yaxınlarda Cənubi Afrikadan gəldiyini, çamadanını dostlarının yanına qoyduğunu deyib və adını qeydiyyat dəftərçəsində “Miss Teresa Neele” kimi yazdırıb.
Kristi oteldə dincələrkən həyat yoldaşı Arçi London qəzetlərində oxuyurdu ki, Aqata yoxa çıxıb, onun cəsədini diri və ya ölü tapmaq mümkün deyil, axtarışlar davam edir. Kristinin bu davranışı isə öz bəhrəsini verdi. Həyat yoldaşı Arçinin xəyanəti London mətbuatının gündəmində idi. Arçi “Daily Mail”ə verdiyi müsahibədə evlilikdən kənar münasibətindən diqqəti yayındırmaq istəyərək həyat yoldaşının qəsdən yoxa çıxa biləcəyini ifadə etmişdi:
“Həyat yoldaşım istədiyi zaman yoxa çıxmağa öyrəşib. O, işinin bir hissəsi kimi bu qaçışları dizayn etməyi sevir. Şəxsən mən hesab edirəm ki, yenə belə bir vəziyyət yaranıb. Yoxa çıxmazdan əvvəl Kristi ilə mübahisə etdiyim barədə deyilənlər qətiyyən doğru deyil”.
“Daily Mail” qəzeti yoxa çıxmanın Krisiti tərəfindən planlaşdırıldığı barədə iddialar irəli sürdü. “Miss Kristi sağdırsa, bu, soyuq zarafatdan başqa bir şey deyil. O, yaxınlarına, dostlarına şiddətli ağrılar verməkdən başqa heç nə etməyib. Nəticədə o, ictimaiyyət qarşısında hesab verməli olacaq”, deyə məqalədə qeyd olunurdu. Xüsusən də kişi yazarlar deyirdilər ki, Kristi qalıcı reputasiyası üçün belə bir yola əl atıb.
Tarixçi Uorsli isə Aqatanın açıqlamalarına əsaslanaraq, deyir ki, baş verənlər yaddaş itkisi ehtimalını gücləndirir: “Əgər ondan asılı olsaydı, yoxa çıxma müddəti 11 gündən çox ola bilərdi. Çünki Aqata öz istəyi ilə ortaya çıxmamışdı. Otel işçiləri onun yeri barədə polisə məlumat vermiş, ardınca Kristinin harada olduğu bəlli olmuşdu”.
Günay Rəsulqızı