"Güclü dollar nəinki dünya, ABŞ iqtisadiyyatını da zəiflədəcək" - Tanınmış iqtisadçıdan MARAQLI ŞƏRH

Dünyanın tanınmış iqtisadçısı və iş adamlarından olan Mohamed El-Erian dolların uzun müddət bahalaşmasının bəzi ciddi iqtisadi problemlər yaradacağını düşünür.
Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, ekspert dolların digər valyutalara nisbətən uzun müddət yüksəlməsinin qlobal staqflyasiya (inflyasiya və işsizliyin eyni anda baş verməsi – red.) səbəb olacağını bildirib.
“Bu, son nəticədə ABŞ iqtisadiyyatına təsir edəcək", - deyən El-Erian güclü dolların təsirləri ilə bağlı təhlilini açıqlayıb:
“Dolların bahalaşması ABŞ-da inflyasiya ilə mübarizəyə kömək etsə də, bu, qlobal iqtisadiyyata mənfi təsir göstərir və dünya iqtisadiyyatı üçün arzuedilməz vəziyyət yaradır. Dollar indeksi 2000-ci illərin əvvəllərindən bəri ən yüksək səviyyəyə qalxıb. Bunun səbəbi avro və funt sterlinqdəki enişlə bağlıdır. Avro və funt sterlinqin ucuzlaşmasına Böyük Britaniyada və əsasən Avropadakı enerji böhranı səbəb olur. Çünki Avropa iqtisadiyyatının enerji ilə təchizatı ABŞ-la müqayisədə daha çətindir. Buna görə də, Avropada enerji böhranı milli valyutaya mənfi təsir edir”.
El-Erian dolların güclənməsindən sonra bəzi ölkələrin valyutalarının devalvasiyaya məruz qalmasının mümkün olduğunu da söyləyib.
Onun sözlərinə görə, sadalanan səbəblərdən güclü dollar dünyada və ABŞ-da ciddi böhran riskini yaradır:
“Dolların bahalaşması "anti-inflyasiya" təsirlərinə görə, ABŞ iqtisadiyyatı üçün hələlik əlverişlidir. Lakin qlobal iqtisadiyyat üçün mənfi təsirlərini nəzərə alsaq, deyə bilərəm ki, dünya böhranı ABŞ iqtisadiyyatını da zəiflədəcək. Dolların digər valyutalara nisbətdə məzənnəsi nə qədər uzun müddət yüksək olarsa, bu, inkişaf etməkdə olan ölkələrdə borc problemləri, malların sərhədlərdən sərbəst hərəkətinə daha çox məhdudiyyətlərin tətbiqi, kövrək iqtisadiyyatlarda daha böyük siyasi qarışıqlıq və geosiyasi münaqişələrin həllinin uzanması problemini yaradacaq. Bütün bunlar son nəticədə ABŞ iqtisadiyyatına da mənfi təsir edəcək”.
Vasif,
Sfera.az