Masallıda baş vermiş yanğının söndürülməsi üçün helikopterlər cəlb olundu - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Sfera.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
***
17:10
Masallı rayonunda dağlıq ərazidə yanğın başlayıb.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə rayonun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.