Narkotikə görə cinayət məsuliyyəti ləğv edilir - VİDEO

Narkotikə görə cinayət məsuliyyəti ləğv edilir - VİDEO
Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilir.
 
Bu, Milli Məclisin bu gün keçirilmiş plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklərdə əksini tapıb.
 
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə görə, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanmasına, daşınmasına və ya göndərilməsinə görə 300 manatdan 400 manatadək məbləğdə cərimə tətbiq ediləcək. İşin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs cəzasından istifadə ediləcək.
 
Bununla bağlı  "Xəzər Xəbər"ə danışan millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilsə də, şəxsi istifadə həcmindən artıq narkotik vasitələr üçün cəzalar daha da sərtləşdirilib.
 
Millət vəkili onu da qeyd edib ki, yeniliklər başqa bir qanunla birlikdə tətbiq ediləcək. Yeni qanunda narkotik maddələrin ölçüləri yer alacaq.
 
Qeyd edək ki, hazırda qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 

 

OXŞAR XƏBƏRLƏR