“Ruslar hər yerdə tankla gəzir, səfirliklə əlaqə saxlaya bilmirik…” – Ukraynada yaşayan azərbaycanlı ilə MÜSAHİBƏ
14:32 / 25.02.2022
2534
Ukraynanın Xorkov şəhərində yaşayan həmyerlimiz
Jalə Salahlı Ukraynadakı son durumla bağlı Sfera.az-ın suallarını
cavablandırıb.
Qeyd edək ki, müsahibimiz tələbədir və 8
ildir ki, Ukrayada yaşayır.
- Jalə xanım, hazırda olduğunuz şəhərdə
vəziyyət necədir? Təxliyə ilə bağlı müraciət etmisinizmi?
- Ukraynadan çıxmağı düşünmürdüm, lakin
ailəm çox narahatdır. Buna görə də bir müddətlik Azərbaycana qayıtmağı planlaşdırıram.
Burada tanıdığım azərbaycanlılar da mənim kimi düşünür. Oturub gözləyirik ki,
Azərbaycan Səfirliyi nə edəcək. Onların əlaqə nömrəsinə düşmək mümkün deyil.
WhatsApp vasitəsilə məlumatlar göndərmişik. Hazırda burada vəziyyət çox pisdir,
marketlər belə bağlıdır.
- Bildirilir ki, Ukraynada yaralanan azərbaycanlılar
var, bu barədə məlumatlısınız? Olduğunuz şəhərdə azərbaycanlı çoxdurmu?
- Küçəyə çıxmamışam və çıxmaq da istəmirəm.
Bizə bildirirlər ki, quru yolla Moldovaya keçək, lakin bu mümkün deyil. Ruslar
hər yerdə tankla gəzir, onlar canidir. Rus tankları küçələrdə maşınların üzərinə
çıxıb onları əzir, belə olan halda Moldovaya da getmək olmaz. Xorkovda yaşayan azərbaycanlıların sayı çoxdur.
- Sığınacağa müraciət etmisiniz? Təhlükəsizliyinizin
təminatı nə yerdədir?
- Burada sığınacaqlar yoxdur. İnsanlar
binaların zirzəmilərinə metrolara yığışır. Mən isə evimi tərk etmirəm.