Paşinyan Makronu Xankəndidə necə "dəfn etdi" – Xanım Pekresə sevgi Ermənistana nə vəd edir...

15:13 / 23.12.2021
780
Fransanın
İle-de-Frans regionunun rəhbəri, Respublikaçılar Partiyasından prezident seçkilərinə
namizəd Valeri Pekres Ermənistana, daha sonra isə Qarabağa qanunsuz səfər edib.
Bu da azmış kimi, xanım namizəd Xankəndidən fotolar paylaşaraq erməni xalqının
yanında olduğunu göstərib.
Fotolardan da görünür ki, Pekres açıq-aydın
artistlik məharəti nümayiş etdirərək seçkilərdə Fransadakı erməni lobbisinin dəstəyini
qazanmağa çalışır. Aydın məsələdir ki, Valeri Pekresin Ermənistana və xüsusilə
Qarabağa səfəri siyasi avantüra və siyasi popilizmdir. Xanım namizəd bununla həm
də Fransa daxili siyasətinin eybəcərliyini və bütün mənəvi-etik dəyərlərdən kənar
olduğunu göstərir.
Fransa siyasətçiləri istər daxili, istərsə də
xarici siyasət məsələlərində tarixən ermənilərdən istifadə ediblər. Hətta
hazırda vəziyyət elə bir həddə çatıb ki, prezidentliyə namizədin qələbə şansı
erməni lobbisi və diasporunun dəstəyi ilə ölçülür. Bu mənada Pekres də sələflərindən
fərqli davranmır.
Hesab edirəm, prezidentliyə namizəd də olsa
Valeri Pekres Azərbaycanda arzuolunmaz şəxslər siyahısına daxil edilməlidir. Məsələ
bu şəxsin Qarabağa səfər etməsindən yox, qanunsuz səfər etməsindən gedir. Xanım
namizəd Qarabağa səfər etmək istəyirdisə, hər halda bunu rəsmi Bakıya bildirməli
idi. Qarabağ Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisidir. Valeri Pekres
və digər namizədlər ilk növbədə bunu anlamalıdır ki, başda Fransa olmaqla,
bütün dünya Qarabağı Azərbaycanın ərazisi olaraq tanıyır. Bu mənada onun
Qarabağa səfəri nə məqsədlə olur olsun, ölkəsinin siyasi iradəsini də pozmaq
deməkdir.
Pekres və Fransa senatında olan digər ermənipərəstlərin
münaqişəni yenidən alovlandırmaq, revanşizm, separatçılığı dəstəkləmək və ona
dini don geyindirmək cəhdləri təhlükəlidir. Məsələyə xristian təəssübkeşliyi, səlibçi
təfəkkürü və rasist orientalizm ideologiyası ilə baxmaq təhlükəli fəsadlar
yarada bilər.
Paşinyan Makrona xəyanat etdi!
Paşinyan Pekresin Ermənistana səfər etməsinə şərait
yaratmaqla özünün ən ciddi dəstəkləyicisi olan hazırkı Prezident Emmanuel
Makrona əsl münasibətini göstərdi. Məsələ ondadır ki, Paşinyan Makronun da
seçkilərə qatılacağını və ikinci dəfə prezident seçilmək istədiyini yaxşı
bilir. Digər tərəfdən, Pekres hazırda Makronun ən ciddi rəqibi hesab edilir.
Makronun ən ciddi rəqibinin dövlət protokol atributları ilə qəbul olunması
faktiki olaraq Nikol Paşinyanın Emmanuel Makrona xəyanət etməsinə dəlalət edir.
Sülhməramlılar izahat verməlidir!
Hazırda Valeri Pekres Qarabağa qanunsuz səfər
etməsindən daha aktual bir məsələ onun bu səfərinin necə baş tutmasıdır. Ermənistandan
Qarabağa yalnız Laçın dəhlizi vasitəsi ilə daxil olmaq olar. 10 noyabr bəyanatına
görə isə Laçın dəhlizi müvəqqəti olaraq Rusiya sülhməramlıları nəzarətindədir.
Maraqlıdır, Rusiya sülhməramlıları Laçın dəhlizində nə ilə məşğuldurlar? Onlar işlərini və üzərilərinə düşən öhdəliklərini
ya yerinə yetirə bilmirlər, ya da ki,
yetirmək istəmirlər. Hesab edirəm bu məsələ ilə bağlı həm Rusiya sülhməramlıların
komandanlığına, həm də Rusiyaya xəbərdarlıq edilməlidir. Məsələ ondadır ki,
sülhməramlıların gözü qarşısında Qarabağa silah və sursat da daşınır. Sülhməramlılar
əgər Valeri Pekres kimi bir şəxsin də Qarabağa qanusnuz səfərinin qarısını ala
bilmirsə, onların fəaliyyəti kimə lazımdır? Rəsmi Bakı bu və bu kimi məsələlərlə
bağlı ciddi ölçü götürməlidir.