Armen Qriqoryanın Bakı və Ankara ilə bağlı açıqlaması nəyə hesablanıb? – “Erməni cəmiyyəti buna hazırlanır”

14:43 / 23.12.2021
454
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, regional məsələləri müzakirə etmək üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdırlar. Armen Qriqoryan eyni zamanda Azərbaycan və Türkiyə nümayəndə heyətlərini İrəvanda qəbul etməyə hazır olduqlarını da səsləndirib.
Maraqlıdır, indiki halda Armen Qriqoryanın bu açıqlaması nəyə hesablanıb?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Armen Qriqoryan indidən cəmiyyəti Türkiyə və Azərbaycanla yaxınlaşmağa öyrəşdirmək istəyir.
"Məlumdur ki, Moskvadan sonra "3+3 platformasının” növbəti görüşü Ankarada keçiriləcək. Ermənistan təmsilçisi Ankaraya gedəcək. Ona görə də Ermənistan hökuməti Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan vasitəsilə indidən erməni cəmiyyətinə bu mesaj yollayır.
Armen Qriqoryanın mesajı həm də beynəlxalq aləmədir, özləri haqqında müsbət imic formalaşdırmağa çalışırlar. Demək istəyirlər ki, müharibədə Azərbaycana məğlub olmalarına və xeyli itki vermələrinə baxmayaraq, qonşuları ilə birbaşa dialoqa hazırdırlar.
Əgər İrəvan Bakı ilə birbaşa dialoqa hazır olduğunu nümayiş etdirirsə, bundan faydalanmaq olar. Rusiyanın vasitəçilikdə inhisarçı mövqeyini azaltmaqda fayda var. Ona görə birbaşa dialoq imkanlarından da istifadə etmək lazımdır”.
Turan Rzayev
Sfera.az