İlqar Məmmədov Operativ Qərargahı GÜNAHLANDIRDI: “...əlavə 10 min adam ölüb”

16:06 / 24.08.2021
7331
"2015-2019-cu illərdə Azərbaycanda bütün səbəblərdən ildə orta hesabla 56 min adam ölürdü. 2020-ci ildə isə bu rəqəm 76 minə qalxdı. Yəni həmişəkindən təxminən 20 min daha çox adam öldü”.
Sfera.az bildirir ki, bunu REAL partiyasının sədri İlqar Məmmədov deyib. O, ölüm səbəblərindən də söz açıb:
"2015-2019-cu illərdə "bəzi infeksion və parazitar xəstəliklərdən” və "tənəffüs sistemi xəstəliklərindən” ildə orta hesabla 2,5 min insan ölürdü. 2020-də bu say 9 min oldu. Fərqi yaradan 6,5 min şəxsdən əksəriyyətin koronavirus pandemiyası səbəbindən həyatını itirdiyini deyə bilərik. Bəs qalan 13,5 min əlavə ölümün səbəbi nə idi?
2015-2019-cu illərdə "travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən” hər il orta hesabla 2,7 min adam həyatını itirirdisə, 2020-ci ildə bu say 6 min oldu. 3,3 min nəfərlik fərq anlaşılandır, çünki müharibədə 3 min şəhid vermişik. Qalır 10 min əlavə ölüm. İndi bir anlıq dayanın. Təsəvvür edirsiniz də? Hər il 56 min adam ölürdü və birdən-birə, virusdan deyil, müharibədən deyil, hansısa naməlum səbəbdən 10 min əlavə ölüm ortaya çıxdı”.
Partiya sədri qeyd edilən ölüm səbəbinin naməlum olmadığını deyib:
"2015-2019-cu illərdə "qan dövranı sisteminin xəstəlikləri” hər il orta hesabla 33 min adam öldürürdü. 2020-ci ildə isə sadə dildə desək, ürəyi partlayıb ölənlərin sayı oldu 41 min. Yəni 8 min daha çox. Amma bu da son deyil. Qalır daha 2 min əlavə ölüm. Yenə baxırıq 2015-2019 üzrə rəqəmlərə. "Yenitörəmələrdən” və "endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntularından” həmin vaxt hər il orta hesabla 10 min insan ölürdüsə, 2020-ci ildə say oldu 12 min, yəni 2 min nəfər daha çox.
Beləliklə, koronavirus 2020-ci ildə yuxarı-aşağı 6,5 min nəfər əlavə adam öldürmüşdüsə, "evdəqal” kampaniyası nəticəsində ürəkdən, xərçəngdən, şəkərdən ən azı 10 min əlavə adam həyatını itirib. Operativ Qərargahın 1,5 il əvvəl, yəni 2020-ci ildə yeritdiyi, koronavirusla mübarizə kimi təqdim olunan "evdəqal" siyasəti virusun özündən daha öldürücü alınıb”.
İ.Məmmədovun sözlərinə görə, Operativ Qərargahın bu gün apardığı siyasətin nəticələri 1-2 il sonra hər hansı şəkildə üzə çıxacaq və bu, təəccüblü bir şey olmayacaq:
"Ən əvvəldən deyirdim ki, Operativ Qərargahın elmitəhər bəyanatlarına baxmayaraq, apardığı siyasətin səriştəsizliyi yetərincə aydın görünür”.
Türkan
Sfera.az