Əli Həsənov ətrafındakı halqa daralır – Özü, oğlu və baldızı məhəkəməyə gətiriləcək

11:35 / 24.08.2021
1769
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət
işi üzrə məhkəmə prosesi davam edir. Elə medianın da maraq obyektində olan bu
proseslə bağlı mütəmadi olaraq yeni bilgilər ortaya çıxır. Digər tərəfdən
hamıya bəlli olan məqamlar da var. Məsələn, elə
Prezident Adminstrasiyasının keçmiş ictimai-siyasi şöbəsinin sabiq
müdiri Əli Həsənovla Səfərlini birləşdirən korrupsiya əməlləri kimi...
Sfera.az bildirir ki, Vüqar Səfərlinin Əli Həsənovun
kurasiyasında fəaliyyət göstərən bir quruma rəhbərlik etməsi, həmçinin bu cinayət
tərkibli əməlləri onunla əlbir həyata keçirməsi barədə mətbuatda zaman-zaman məlumatlar
dərc olunub. Bu şəxslərin onlara verilən vəzifədən ancaq hüquqları tapdalamaq və
haqları mənimsəmək üçün istifadə etdiyi barizdir.
Əbəs yerə deyil ki, elə bu yaxınlarda vəkillərdən
biri V.Səfərlinin məhkəməsində şahid qismində dindirilməsi üçün Azərbaycan
Respublikası Prezident Administrasiyasının keçmiş İctimai-siyasi məsələlər şöbəsinin
sabiq müdiri Əli Həsənovun, onun oğlu Şamxal Həsənlinin və baldızı Gülər Vəliyevanın
işə cəlb olunması ilə bağlı vəsatət verib. Hakim vəsatətə növbəti prosesdə
baxılacağını bildirib.
Daha sonra dövlət ittihamçısı təklif edib ki,
məhkəmə istintaqı təqsirləndirilən şəxslərin dindirilməsi ilə başlasın. Təqsirləndirilən
şəxslər özlərini təqsirli bilmədiklərini və ifadə vermək üçün hələ hazır
olmadıqlarını deyiblər. Nəticədə hakim növbəti prosesi sentyabrın 3-ə təyin
edib.
Əli Həsənovun ətrafındakı halqanın hər gün daha
da daraldığını inkar etmək olmaz. Hər kəsə məlumdur ki, xüsusilə jurnalistlər
üçün tikilmiş binalar məsələsində sözügedən şəxsin adı tez-tez hallanır. Qeyd
edilir ki, Əli Həsənova yaltaqlananlar onun mediaya nəzarət etdiyi dövrdə evi
ola-ola ev alıblar, hətta həmin evləri kirayə veriblər və.s. Bir sözlə, evlərin
bir çoxu məhz ehtiyacı olmayanlara, sadəcə Əli Həsənov-Vüqar Səfərli cütlüyünə
yaxın olan şəxslərə verilib, 2013 və 2017-ci ildə mənzil şəraitinin
yaxşılaşdırılmasına həqiqətən ehtiyacı olan jurnalistlərin ümidləri boşa çıxıb.
Məhz bu səbəbdən Həsənov işdən çıxarılandan
sonra dəfələrlə ictimai tənqidə məruz qalıb. Tənqidlər qeyd etdiyimiz kimi, əsasən
onun media sahəsində atdığı mürtəce addımlarla bağlı olub. Həsənov özünü təqsirli
bilməsə də, ifadə vermək üçün hələ hazır olmasa da, axır-əvvəl hakim qarşısına
keçəcək və həqiqətlər gün üzünə çıxacaq.
Xatırladaq ki, məhkəmədə prokuror tərəfindən
elan edilən ittiham aktına əsasən, Vüqar Səfərli müvafiq vəzifələrdə çalışmış
Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə
qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə
dövlətə məxsus 18 milyon 500 min manat məbləğində pul vəsaitini mənimsəyib.
İttiham aktına görə, V.Səfərli baş mühasibi Təhminə Yaqubova ilə cinayət əlaqəsinə
girərək, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə
2013 və 2017-ci illərdə Səbail rayonunda inşa edilmiş 2 binanın tikintisi üçün
Prezidentin ehtiyat fondundan ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin
etməyib. Törədilən saxtakarlıqlar nəticəsində cinayət yolu ilə əldə edilmiş 5
milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr yaranıb.
İnci
Sfera.az