Referendum və növbədənkənar parlament seçkiləri realdırmı? - MÜSAHİBƏ
12:44 / 02.08.2021
1858
Sosial şəbəkələrdə
Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli
Məclisin yenidən buraxılacağı və növbədənkənar parlament seçkilərinin keçiriləcəyi
barədə məlumatlar yayılır.
Sfera.az-ın
əməkdaşı mövzu ilə bağlı sabiq deputat, Konstitusiya Araşdırmaları Fondunun
prezidenti Əliməmməd Nuriyevin fikirlərini öyrənib. Həmin müsahibəni təqdim
edirik:
- Əliməmməd
bəy, son günlər payız aylarında referendumun keçiriləcəyi haqda iddialar
dolaşır. Necə düşünürsünüz, Konstitusiyada hər hansı dəyişiklik edilə bilərmi?
- Qanunvericiliyin həmişə təkmilləşdirməyə
ehtiyac var, o cümlədən Konstitusiyanın. Sadəcə olaraq, hazırkı şəraitdə o
mühit varmı? Belə bir vəziyyət yetişibmi? Əlbəttə, bu suala cavab verərkən birmənalı
şəkildə demək olar ki, bugünkü qanunvericiliyimizin mümkün olan imkanı var -
istənilən fəaliyyəti hərəkətə keçirmək, islahatları sürətləndirmək və digər məsələlər
istiqamətində. Bu baxımdan Konstitusiyada hər hansı dəyişikliyin edilməsinə,
referendumun keçirilməsinə zərurət görmürəm. Digər tərəfdən Konstitusiyada
sonuncu dəyişiklik 2016-cı ildə baş vermişdir və həmin zaman əsas mahiyyət idarəetmənin
daha da təkmilləşdirilməsi, yeni institutların yaradılması, insan hüquq və
azadlıqları ilə bağlı müəyyən maddələrə dəyişiklik edilməsi məsələsindən ibarət
idi. Bu da öz həllini tapıb. Amma heç şübhəsiz ki, gələcəkdə qanunvericiliyə dəyişiklik
edilməsi zəruridir. Xüsusilə də hökumətin parlament qarşısında cavabdehliyinin
artırılmasına ehtiyac var. O cümlədən Nazirlər Kabinetinə ehtiyacın olmadığını
düşünürəm. Bu qurum daha çox bürokratlaşmış strukturdur. Orada qərarların qəbul
edilməsi prosesində lənglik var. Bəlkə də tamam başqa sistemə keçmək barədə
düşünə bilərik. Eyni zamanda proporsional seçki sistemi, Milli Məclisin
deputatlarının sayının artırılması istiqamətində dəyişiklər də gündəmdə ola bilər.
Bu, perspektiv üçün mümkündür və yəqin ki, bunlarla bağlı dəyişikliklər baş verəcək.
Amma biz indi müharibədən çıxan ölkəyik, hazırkı şəraitdə yeni əlavə xərclərə
ehtiyac yoxdur. Referendum həm də xərclər deməkdir. Bu gün cəmiyyət Qarabağa,
oranın dirçəlməsinə, bərpasına fokuslanmalıdır. Referendum müəyyən gərginlik, təlatüm
yarada bilər. Əlbəttə, gələcəkdə referendum keçirməklə bağlı fikirləşmək mümkündür.
-
Proporsional seçki sistemini vurğuladınız. Elə referendumla əlaqədar mətbuatda
səsləndirilən fikirlərdən biri də bu idi.
Sizcə ölkəmizdə tətbiq olunan majoritar seçki sistemi bu günün tələblərinə
tam cavab verirmi?
- İstər proporsional, istərsə də majoritar
seçki sisteminin müsbət və çatışmayan cəhətləri var. Əlbəttə, proporsional
seçki sisteminin tətbiqi siyasi partiyaların daha da sürətli inkişafına gətirib
çıxara bilər. Lakin hesab edirəm ki, majoritar seçki sistemi daxilində də bunu
etmək mümkündür. Siyasi partiyaların inkişafını istəyiriksə, bu barədə düşünməyə
dəyər. Digər tərəfdən isə Azərbaycanda siyasi partiyalarla iş son illərdə daha
da genişlənib, ölkənin siyasi həyatına geniş miqyasda daxil olmağa başlayıblar.
Onların həm müharibə dövründə ciddi bəyanatları olub, həm də ölkəmizə qarşı olan
bir sıra təhdidlərdə birgə mövqedən çıxış ediblər. Həmçinin Prezident
Administrasiyasında siyasi partiyalarla iş şöbəsi, qanunvericilik şöbəsi fəaliyyət
göstərir. Partiyalarla mütəmadi dialoq aparılır, bu da əhəmiyyətlidir. Cəmiyyətdə
rəqabətli mühitin yaranması hər şeydən əvvəl siyasi partiyaların iştirak şərtlərindən
də asılıdır. Bu baxımdan qeyd etdiyim məsələlər, əlbəttə, siyasi partiyaların
inkişafında yeni mərhələnin başlanmasının göstəricisidir.
- Son
olaraq , Milli Məclisə yenidən növbədənkənar seçkilərin keçirilməsi
mümkündürmü?
- Növbədənkənar seçkilərin keçirilməsi ölkədə
yenidən siyasi gərginlik yarada bilər. Ona görə də bunun bir mənasını görmürəm.
Güman etmirəm ki, hər hansı seçki olacaq. O zaman bu instituta inam, etibar azala
bilər. Milli Məclis özü də fəaliyyətini yenidən qurur. Bu da diqqətəlayiq məqamdır.
Eyni zamanda parlamentdə plüralizm mühiti artmaqdadır. Milli Məclisin fəaliyyətində
hər şey əladır desək, yanlış olardı. Bu institut öz fəaliyyətində vətəndaş cəmiyyəti
ilə əlaqələrini genişləndirməlidir. Xüsusilə də, qanunların təsirinin qiymətləndirilməsi
ilə bağlı vətəndaş cəmiyyətinə sifarişlər verilə bilər. Bu proseslə əlaqəli rəy
sorğularının keçirilməsi vacibdir. Çünki Azərbaycanla bağlı bir çox reytinqlərin
müəyyən edilməsində həm də parlamentin nə dərəcədə iştirak məsələsi , burada vətəndaş
cəmiyyətinin fəallığı önəmlidir.