“İndi Gürcüstanda narahatdırlar ki...” – Natiq Cəfərli Dmanisidəki toqquşmadan danışdı
14:23 / 17.05.2021
2044
"Dmanisi (Başkeçid) Gürcüstanın strateji bölgəsidir,
Ermənistanla sərhəddir, elə kəndlər var ki, Ermənistandan bir neçə metr ayırır.
Ona görə də, o bölgəyə çox həssas olmaq lazımdır”.
Sfera.az-ın məlumatına görə, bunu iqtisadçı, REAL-ın
icraçı katibi Natiq Cəfərli deyib. Onun sözlərinə görə, çox güman, Ermənistan
xüsusi xidmət orqanları oralarda ciddi fəaliyyət göstərirlər:
Gürcüstan indi narahatdır ki, Ermənistan-Azərbaycan
münaqişəsi tam bitib, sərhədlər açılsa, iqtisadi və infrastruktur əlaqələri
yaransa, Zəngəzur koridoru tam açılsa, Gürcüstanın bölgədə önəmi azalacaq,
iqtisadi fürsətləri daralacaq. Son 30 ildə Azərbaycan-Ermənistan münaqişəsindən
ən çox maddi qazanc götürən ölkə məhz Gürcüstan idi”.
N.Cəfərli qeyd edib ki, indi yeni yolların açılması
ehtimalı, Zəngəzurdan keçəcək dəmir yolu və avtomobil yolları Gürcüstan üzərindən
Türkiyə və Avropa mallarının Azərbaycana, Xəzərin o tayına, hətta Rusiya və
İrana tranziti azala bilər:
"Son 30 ildə Sarpdan keçməklə hər gün yüzlərlə
TIR-lar Gürcüstan ərazisindən 600 km yol keçməklə Qırmızı Körpü keçid məntəqəsinə
gəlirdi. Yol boyu həmin maşınlara xidmət edən, onminlərlə iş yeri olan obyektlər,
infrastruktur qurulub, ölkə tranzitdən, əhali isə yolun özündən qazanırdı. İndi
rəsmi Tiflis düşünür ki, bu qazanc və fürsətlər azala bilər, narahatdılar.
Boru xəttləri daim Gürcüstandan keçəcək,
Bakı-Tiflis-Qars dəmir yolu çalışacaq - rəsmi Tiflisə bununla bağlı zəmanət
verilməli, onların narahatlığı aradan qaldırılmalıdır. Hətta sabah Zəngəzur dəhlizi
açılsa belə, yolun o başında da, bu başında da Rusiya duracaq. Deməli, o yolla
Azərbaycana təzyiq etmək kimi yeni alət yaranacaq, buna görə də Gürcüsran koridoru
bizim üçün hələ uzun müddət əhəmiyyətli alternativ olaraq qalmalıdır ki,
Moskvanın təzyiqlərini neytralaşdıra bilək”.
Günay