Mart soyqırımını dünya niyə tanımır? – Siyasətçilərin şərhi

Mart soyqırımını dünya niyə tanımır? – Siyasətçilərin şərhi
XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni sözün əsl mənasında "qan çanağı”na çevirdilər. Ermənilərin "Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırım aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə bütün XX əsr boyu dönə-dönə təkrarlandı. İndi o qanlı tarixdən 98 il ötür.
"Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.

1918-ci ilin mart ayından etibarən isə əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı.

Rəsmi mənbələrə əsasən 31 mart soyqırımı nəticəsində təkcə Bakıda 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü, Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamına görə isə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Bəs, 31 mart soyqırımını bütün dünyaya tanıtdıra bilməməyimizin səbəbi nədir? AzNews.azbununla bağlı siyasətçilərin fikirlərini öyrənib.

Müsavat partiyasının başqanı Arif Hacılı hesab edir ki, 31 mart soyqırımı xalqımızı Qafqaz ərazilərindən, xüsusilə neftlə zəngin olan Bakıdan sıxışdırıb çıxarmaq məqsədi ilə həyata keçirilmiş bəşəri cinayət hadisəsidir: 



"Bakıda və Azərbaycanın digər ərazilərində erməni-bolşevik hərbi quldurları tərəfindən həyata keçirilən etnik mənsubiyyətinə görə soydaşlarımızın bu miqyasda qətlə yetirilməsini uzun illər bizə unutdurmağa cəhd ediblər. Ancaq buna nail ola bilmədilər. Həm tarixi ədalət, həm də belə vəhşiliklərin təkrarlanmaması naminə 31 mart soyqırımı gününün bütün dünya Azərbaycanlıları tərəfindən yad edilməsi təbiidir. Təsir imkanlarımızın məhdudluğu həm tariximiz, həm də bu günümüz barədə həqiqətlərin dünyaya çıxarılması yolunda əsas əngəldir. Bəzi məsələlərin həllinə nail olsaq, şübhəsiz ki, bütün bu tipli digər problemlər kimi 31 mart soyqırımının da daha geniş miqyasda tanınmasına nail olmaq mükün olacaq”.

Milli Şura sədri Cəmil Həsənlinin fikrincə, 31 mart tarixində yaşananlar həqiqətən də soyqırımıdır:



"Hər hansı bir kütləvi qətllərin soyqırım olması üçün ən vacib şərtlərdən biri həmin qırğının dövlət səviyyəsində törədilməsi idi. Həmin dövrdə Bakı şəhərində hakimiyyətdə olan Bakı soveti bu qırğını törədib və etnik, dini inanc xəttinə görə Bakıda yaşayan müsəlmanlar, türklər qətlə yetirilib. Qısa zaman ərzində 12 min insan bu qırğının qurbanı olub. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu hadisəni araşdırmaqdan ötrü istintaq komissiyası yaradıb. Bu komissiya Bakıda, Şamaxıda, Qubada, Gəncədə və digər yerlərdə münaqişə zəminində törədilmiş hadisələrin istintaqını aparıb. İstintaqa Ələkbər bəy Xasməmmədov rəhbərlik etsə də, bu qrupun böyük hissəsi rus, yəhudi və başqa millətin hüquqşünasları idi. Bu sənədlərin bir hissəsi Paris-Sülh Konfransındakı Azərbaycan nümayəndə heyətinə göndərildi ki, orada ayrı-ayrı xalqların nümayəndələrini bu hadisə ilə tanış etsinlər. Eyni zamanda Avropa mətbuatında bu mövzu ilə çıxış etsinlər. Doğrudan da Azərbaycan nümayəndə heyəti "Azərbaycanın Paris Sülh Konfransından tələbləri” adlı sənəd hazırlayarkən Bakı hadisələrinə ayrıca bir bölmə ayırıb. 

31 mart soyqırımı ilə bağlı xeyli məqalələr, kitablar nəşr olunub, dissertasiyalar müdafiə olunub. Hətta akademiyada Solmaz Rüstəmovanın Bakı-Quba-Şamaxıda baş vermiş hadisələrlə bağlı 1918-ci ildə yaradılmış İstintaq Komisiyasının materialları ayrıca sənədlər toplusu halında nəşr olunub. Həmin hadisələrin külliyatının rus dilində nəşr edilməsi irəliyə doğru bir adımdır. Məsələnin beynəlxalq aləmdə tanınması üçün çox işlər görülməlidir”.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADRH) sədr müavini Vurğun Əyyubun sözlərinə görə, azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınmasının uzun bir tarixi var: 



"31 mart qırğını da o tarixin acı səhifələrindən biridir. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası Bakı quberniyasını müsəlmanlardan təmizləmək məqsədi ilə soyqırım planı həyata keçirilməyə başladı. Minlərlə dinc əhali yalnız milli və dini mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırdılar. Bu soyqırım Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb, məhv edilib. 

Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratdı. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Sonrakı dövrlərdə Sovet hakimiyyəti bu işin qarşısını aldı. 31 mart soyqırımının dünyada tanıdılması və qəbulu üçün kampaniya xarakterli yox, ardıcıl, planlı işlər görülməlidir”.

Milli İstiqlal Partiyasının (AMP) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Elşən Mustafayev əsrin əvvəllərində olmuş bu qətliamların tarixini faktlarla öyrənəndə insanin dəhşətə gəldiyini dilə gətirib: 



"Ermənilərin Bakıda, Qubada və digər bölgələrimizdə on minlərlə soydaşımızı qətlə yetirməsi sıradan məişət qətlləri və ya iki millət arasında olan hər hansı anlaşılmazlıqdan doğan qətllər olmayıb. Bu, düşünülmüş, öz torpağımızda bizə qarşı planlaşdırılmış etnik təmizləmə planı olub. Bunun isə adı konkret soyqırımıdır. Əgər o zaman türk qoşunları yardıma gəlməsəydi millət ağılasığmaz nəticələrlə üz-üzə qala bilərdi. 

Dünyada bunu soyqırım kimi tanıda bilməməyimizin səbəblərindən biri ölkədə insanların öz övladları ilə həmin günü gedib ziyarət edəcəyi bir abidənin belə olmamasıyla bağlıdır. Yalnız Şəhidlər Xiyabanında türk şəhidliyinə getməklə biz həmin günü qeyd edirik. Amma soyqırıma məruz qalmış on minlərlə soydaşımızın xatirəsini yad etmək, gələcək nəsillərin yaddaşında bu faciəni yaşatmaq üçün gedəcək bir yerimiz yoxdur.

Dünyada tanıda bilməməyimizə gəlincə isə, bu işi aparan əsas qüvvə Diaspora Komitəsi və diplomatlarımız olmalı idi. Diaspora Komitəsi və onların işi ilə bağlı gördükləri, daha doğrusu görmədikləri hər şey göz qabağındadır”.

AZNEWS.AZ

OXŞAR XƏBƏRLƏR