RAMİZ QUSARÇAYLI: \"İSTEDADSIZLARIN DİKTATURASI İSTEDADLILARIN DEMOKRATİYASINI MƏHV EDİR\"

RAMİZ QUSARÇAYLI: \
Bu gün "Qonaq otağı"nda sevilən şair Ramiz Qusarçaylıdır.

- Şeirin, ədəbiyyatin təsir gücünü hansı səviyyədə qiymətləndirirsiniz?
- Şeir də daxil olmaqla ədəbiyyat, ümumiyyətlə ədəbi həyat səməni kimi saf və təmiz olmalıdır.Vaxt vardı xalqımızın yaraları şeirlə sarınırdı, qanı şeirlə silinirdi, şeir hardasa məlhəm rolunu oynayırdı.
Hazırda isə... Ölkədəki müasir ədəbi mühit bataqlığa bənzəyir, bu bataqlıq batdığının fərqində olmayan yazarlarla doludur. Buna millətin şeir "iltihabı" da demək olar. Ədəbi mühit təhrif olunan təriflərdən boğulur. Ədəbi tənqid ədəbiyyata riyakarlıq amfiteatrından boylanır. Bəzi tənqidçilərin yarınmaq benefisləri anşlaqa çevrilə bilmir, əksinə, "ədəbi izdivac"dan üzüqara çıxır. Mərkəzin əyalət təfəkkürü əyalətin müasir dünyagörüşündə çox cılız görünür, nə qədər arınsa da, saflaşa bilmir. Mühit ədəbi dələduzlarla, ədəbi xacələrlə, ədəbi aşiq-məşuqla dolub. İstedadsızların diktaturası istedadlıların demokratiyasını məhv edir...
Müasir dünyanın elm və tərəqqi sahəsindəki yenilikləri, siyasi arenadakı bir-birini əvəz eləyən ədalətsiz olaylar ədəbiyyatı çox rahat üstələyir. Ədəbiyyat Səddam Hüseynin niyə məhz Qurban bayramında asıldığını, Qəddafinin Sarkozinin prezident seçilməsinə ayırdığı pulların əvəzində elə fransızların təşkilatçılığı ilə döyülə-döyülə qətlə yetirilməsini, Misirin qanuni prezidenti Mursinin devrilib məhv edilməsinə ABŞ və Qərbin məqsədli müdaxiləsizliyini, itin-pişiyin içalatından qidalanan çinlilərin uyğur balalarının bədən hissələrinin murdar "transplantasiya" əməliyyatlarını oxucuya çatdıra bilib ki?!.
- Ramiz Həmzəyev Ramiz Qusarçaylı olmaqda, ədəbiyyatda bugünkü yerini tutmaqda özünü kimə borclu sayır?
-Gəncliyimdə yazdığım şeirlərin birində belə misralar vardı:
Bəsdi, ürəyini üzdü bu giley,
Bu sözlər ömrünə nə gətirəcək?!
Çox şey itirsə də Ramiz Həmzəyev,-
Ramiz Qusarçaylı nə itirəcək?!
Riyaziyyatçı olmaq istəyirdim. Bu elmə olan həvəsim məni Bakıdakı fizika-riyaziyyat təmayüllü məktəbə, oradan da Politexnik institutuna aparıb çıxardı. Hələ şagird ikən teoremlər quraşdırır, həndəsi fiqurlar yaradır, riyazi "kəşflər" edirdim. Cüt rəqəmlərin ifadə formasını özüm kəşf etmişdim… Ancaq sonralar bəlli olurdu ki, etdiyim bu kəşflər riyaziyyat elminə çoxdan məlumdur. Qol-qanadım qırılırdı…
Hələ 3-cü sinifdə oxuyanda xırda şeir parçaları yazıb o vaxtkı "Pioner" jurnalına, "Azərbaycan pioneri" qəzetinə göndərirdim. 8-ci sinfi bitirəndə qəti qərara gəldim ki, ədəbiyyatçı olacağam, özümü poeziyada tapa bilərəm. Qənaətim belə idi ki, şeirdə kəşf ediləsi hələ çox şey var, bir də ki, etdiyim kəşflər özümə məxsus olacaq. Beləliklə, "Bağban" adlı ilk mətbu şeirim 1975-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc edildi.
- Qusarçaylı təxəllüsünü sizə kim verib?
- 17 yaşımda ikən Yazıçılar Birliyində xalq şairi Osman Sarıvəlli ilə görüşdüm, şeirlərimi oxudum, dinlədi və müdrikcəsinə gülümsədi və dedi ki, "oğul, aşıq olmağına aşıqsan, gözəl də şair olacaqsan, qoy təxəllüsün də mənnən gəlsin..." və mənə "Qusarçaylı" təxəllüsünü verdi, mətbuat səhifələrində yaradıcılığım barədə məqalə ilə çıxış edərək uğurlu yol dilədi...
-  Sizcə ədəbiyyatda püxtələşməyinizdə sizə ən çox kimin təsiri olub, kimlərdən bəhrələnmisiniz?
- Hələ 1976-cı ildə Bakıdakı fizika-riyaziyyat təmayüllü məktəbin 10-cu sinfində oxuduğum zaman xalq şairi Söhrab Tahirin rəhbərlik etdiyi, daha sonralar isə Məmməd İsmalılın rəhbəri olduğu ədəbi birliklərin üzvü olmuşam. Yaxın ünsiyyətdə olduğum xalq şairləri Bəxtiyar Vahabzadədən, Məmməd Arazdan, Nəbi Xəzridən, Nəriman Həsənzadədən və başqa söz ustadlarından bəhrələnmişəm.
-  Söz, sənət adamları özlərinə çox vaxt təxəllüslər seçirlər. Bunu nə dərəcədə önəmli sayırsınız? Ümumiyyətlə, seçilən təxəllüsün yaradıcılığa təsirini necə qiymətləndirirsiniz?
- Qeyd etdiyim kimi mən özümə təxəllüs seçməmişəm. Özünə təxəllüs seçənlərlə də işim yoxdur. Bir onu bilirəm ki, təxəllüs şairi deyil, şair təxəllüsü yaşadır, tanıdır.
- Ölkəmizdə bir çox sahələrdə islahatlar aparılır. Siz Yazıçılar Birliyinin üzvü kimi adıçəkilən qurumda islahatları nə dərəcədə önəmli sayırsınız?
-Yazıçılar Birliyi deyəndə Milli Məclisin son durumunu xatırladım... Həm də düşünürəm ki, Anarı qorumaq, daha doğrusu Yazıçılar Birliyindən xilas etmək lazımdır. Çünki, bu gün Anarın "müxalifəti" elə Yazıçılar Birliyinin özüdür...
Yeri gəlmişkən, onu da deyim ki, istedadlı yazıçı Varisin son on ildə təkbaşına Vətənin adına qazandığı uğurlar Yazıçılar Birliyinin bütövlükdə son on ildəki uğurlarından çoxdur...
- Yaradıcılığınızın püxtələşməsində bir sıra şair və ya yazıçıların rolu yəqin ki, olub. Bəs, Ramiz Qusarçaylı bu gün gənclərə hansı səviyyədə örnək olub, yol göstərir?
-Təməli böyük mütəfəkkir Abasqulu Ağa Bakıxanov tərəfindən 1835-ci ildə qoyulan "Gülüstan" ədəbi məclisinin əhatə dairəsi Rusiyadan adlayaraq bir sıra Avropa ölkələrinə qədər uzanmış, bu əlaqələrin nəticəsi kimi nəinki Azərbaycanda, eləcə də bütün Şərqdə ilk qadın dramaturq olan Səkinə xanım Axundzadənin, Mirzə Möhsün Xəyalinin, Xaltanlı Tağının, Xınalıqlı Əminin, Baba Buduqinin, Hacı Qubalının və digər saz və söz ustalarının yetişməsinə gətirib çıxarmış, milli ədəbiyyatımızın və mədəniyyətimizin zənginləşdirilməsi sahəsində böyük tövhələrini vermişdi.
Ədəbiyyat və mədəniyyət tariximizin bir sıra mənalı və maraqlı səhifələri bilavasitə Quba ilə bağlıdır.1830-cu illərdə Tiflisdə Azərbaycan türkcəsində 300 nüsxədən ibarət "Tatar-əxbari" qəzetinin qubalılar arasında 30-dan artıq abunəçisi vardı. Bu qəzetin Qubada yayılmasına Qafqaz canişinliyinin dəftərxanasında tərcüməçi işləyən A.A.Bakıxanov köməklik göstərirdi.1873-cü ildə qubalı mülkədar Abdulla ağa Bakıxanov (A.A.Bakıxanovun qardaşı) Həsən bəy Zərdabiyə "Əkinçi" qəzetini nəşr etdirmək üçün 1000 manat pul göndərmişdi.
Quba ədəbi mühitinin müasir mərhələsi olaraq 1993-cü ildə Qubada bölgə yazarlarını özündə birləşdirən "Ay işığı" adlı ədəbi məclis yaratdım və hazırda məclisə sədrlik edirəm. "Ay işığı" ədəbi məclisi əyalətin dağılmaqda və çürüməkdə olan ədəbi dağıntıları arasından boy verib böyük sənət işığına qovuşdu, öləziməkdə olan əyalət düşüncəsinin sarımtıl işıqlarına yeni rəng qatdı, qədim tarixi olan Qubanın zəngin mədəniyyətindən, füsunkar təbiətindən, Şah dağından Xəzərəcən bir ərazini əhatə edən yeraltı və yerüstü təbii sərvətindən, Fətəli xan əzmindən, Şeyxəli xan qeyrətindən, A.A.Bakıxanov mütəfəkkirliyindən qaynaqlandı, çoxmillətli ərazidə ziyalı nuru yayaraq ədəbi mehribançılıq və səmimiyyət yaratdı...
1994-cü ildən etibarən "Ay işığı" ədəbi məclisinin almanaxları dərc olunmağa başladı, respublikanın jurnal və qəzetlərində bölgə yazarlarının əsərləri mütəmadi olaraq dərc olundu, efirdə səsləndirildi.
Bölgə yazarlarının bir araya gəlməsi, ziyalı potensialının bədii meyarlar üstə köklənməsi ədəbi əlaqələrin coğrafiyasını günbəgün genişləndirməyə nail olaraq yeni-yeni ədəbi dairələrə yön aldı. Məclisin görüşünə Türkiyədən, Dağıstandan, Dərbənddən, Borçalıdan, Bakıdan, Naxçıvandan qonaqlar gəldi.
1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin Milli Məsələlər üzrə Dövlət Müşaviri Hidayət Orucovun "Ay işığı" ədəbi məclisinin Qubanın "Sevinc" sarayında keçirilən 5 illik yubileyində məclisə göndərdiyi təbrik teleqramında deyilirdi: "Ay işığı" ədəbi məclisinin beş illiyi münasibəti ilə Sizi və məclisinizin bütün üzvlərini ürəkdən təbrik edirəm. Məclisiniz ölkəmizin dilbər guşələrindən olan Şimal bölgəmizdə yaşayan istedadlı yazıçıların üzə çıxarılmasında, onların əsərlərinin müzakirə edələrək çap olunmasında səmərəli fəaliyyət göstərir. Doğma Dərbəndin yazıçıları ilə mütəmadi ünsiyyətiniz, ardıcıl əlaqələriniz diqqətə layiqdir. Sizə yeni yaradıcılıq uğurları arzulayıram!"
Bəxtiyar Vahabzadə "Ay işığı"nın birinci almanaxını oxuyub dedi ki, "Ramiz, sən Qubada təzə səs, təzə nəfəs yaratmısan..."
"Ay işığı" şərqin ilk qadın dramaturqu Səkinə xanım Axundzadənin tanıdılmasında böyük işlər gördü. Bölgədə ədəbi mühitin bu şəkildə canlanması söz yox ki, AYB-nin Quba bölməsinin təşkil edilməsinə gətirib çıxardı...
2000-ci ildə Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin, Quba Rayon İcra Hakimiyyətinin və "Ay işığı" ədəbi məclisinin təşkilatçılığı ilə Quba ədəbi mühiti tarixində ilk dəfə olaraq "Poeziya bayramı" adlı tədbir keçirildi, bir qrup yazar müxtəlif hədiyyə və diplomlarla təltif olundu.
"Ay işığı" ədəbi məclisinin gənc üzvləri AYB üzvlüyünə qəbul olundu, ilk şeir kitabları işıq üzü gördü. Təbii ki, bu işlərin başında rəhbəri olduğum birliyin saf və doğru fəaliyyəti olub...
- Yazıb yaratmaqla yanaşı tərcümə ilə də məşğulsunuz. Uğurlu tərcümənin sirrini nədə görürsünüz?
- Tərcümə sənəti çox ağır məsələdir, yəni bunun üçün zəngin təcrübəyə, dərin bilgiyə, nadir istedada malik olmalısan ki, ciddi tərcümə əsəri ərsəyə gətirə biləsən. Eyni zamanda, tərcümə etdiyin müəllifi duymağı, hiss etməyi, nəfəsini, ruhunu, ürək döyüntülərini yaşamağı bacarmalısan... Əks halda, zəhmətin yelə gedəcək...
- Politexnik İnstitutunu, Moskva Dövlət Sosial Universitetinin hüquqşünaslığını bitirmisiniz. Ancaq o sahələrə deyil, sözə, sənətə daha çox meyil etdiniz. Sizi ədəbiyyatda bu dərəcədə nə bağlaya bilərdi?
-Bir müsahibədə demişəm, - Peyğəmbərimiz buyurub ki, Qiyamət qopacağını bilsən belə, əlindəki fidanı torpağa basdır. Şeir qiyamət qabağı torpağa basdırılan fidan kimidir. Şairlik elə o fidanın qiyamətindən başlayır. Şeirsə qiyamətin özüdür.
Şair ürəyində göyərçin südü var. Körpə dərdləri bəsləyib böyütmək üçündür bu. Şeir dərd böyüdənlərin qiyamətidi.
Ölümqabağı üzə qonan gözəllik təzə qar kimidi. Ömrü əriyincədi. Sonra qiyamətin gözəlliyi başlayır.
Şeir giləmeyvə kimidi, - yetişəndə dibinə tökülür. Dibimə töküləndə şair oluram.
Dayazlıq, - kökü üzdə olmaqdı. Kökü üzdə olanlar tez ələ gəlir. Bu, - ədəbiyyata bir-bir gəlib sürüylə getməkdi. Tez ələ gələnlərin qiyaməti olmur...
Şeir mənim qiyamətimdi...
Məni ədəbiyyata bağlayan bu "qiyamətim" olub...
- Ümumiyyətlə, bu gün Azərbaycanda tərcümə ədəbiyyatını necə qiymətləndirirsiniz?
-Bu gün Nəriman Əbdülrəhmanlının, Azad Yaşarın tərcümələri məni qane edir.
- Yazıçılar Birliyinin Quba bölməsinin sədrisiniz. Həm yaradıcılıqla məşğul olmaq, həm də məsul vəzifədə çalışmaq yaradıcı fəaliyyətinizə əngəl olmur ki?
-1994-cü ildə "Ay işığı" ədəbi məclisinin bazasında Azərbaycan Yazıçılar Birliyinin bölgə üzrə bölməsi yaradıldı və şair Yusif Həsənbəy bölmənin sədri təyin oldu. 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri seçilmişəm və 13 il bölməyə rəhbərlik etmişəm. 2015-ci ildə isə vəzifəmdən istefa vermişəm, bu yöndəki fəaliyyətimi "Ay işığı" ədəbi məclisinin sədri kimi davam etdirirəm...
- Maraqlıdlr, bu gün Quba bölməsinin neçə üzvü var?
-Qubalı ziyalılar milli ədəbiyyatımızın zənginləşdirilməsində, öyrənilməsində və təbliğində öz xidmətlərini bu gün də davam etdirirlər. Bakıda yaşayıb yaradan Şahin Fazilin, Vaqif Əlixanlının, Yusif Həsənbəyin, Əlibala Məhərrəmzadənin və başqalarının Quba ədəbi mühitinin və tarixi keçmişinin incəliklərinə qədər təhlil edilib gələcək nəsillərə çatdırılmasında gördükləri işlər təqdirə layiqdir.
Qubada isə bölməyə rəhbərlik etdiyim dövrlərdə dünyasını dəyişmiş Rəhim Alxas və Rahim Dünyamalı AYB-nin üzvləriydilər, sonralar isə rəhmətlik Bəxtiyar Ərşad, Şövkət Tacibəy və Naməddin Mirzəxanlı, eləcə də bu gün yazıb yaradan Zakir Məmməd, Zərifə, Cəlaləddin Budadoğlu, Muxail Yaqubov, Səbuhi Hacıxanlı, Məhbubə Hidayətqızı və Sevinc Məmmədova AYB-nin üzvü oldular.
"Ay işığı" ədəbi məclisinin isə hazırda 40-a yaxın üzvü var.
- Gənclərin, ümümiyyətlə vətəndaşlarımızın oxuya, ədəbiyyata münasibətini necə qiymətləndirirsiniz?
- Son vaxtlar oxucu-yazar münasibətlərini bərpa etmək üçün müxtəlif tədbirlər görülür, ədəbi müsabiqələr keçirilir. Kitabların təbliğatında tənqidçilərin rolu danılmazdır. Ədəbiyyatın inkişafı kitab təbliğindən çox asılıdır. Kitab-oxucu problemindən yetərincə yazılıb. Ədəbi tənqidin mənzərəsi də göz qabağındadır. Hər yazarın aşağı-yuxarı öz dəstəsi var. Çox vaxt da böyük istedad sahibləri yetərincə təbliğ edilə bilmir...
- Sizcə əhalidə oxuya marağı artırmaq üçün hansı tədbirlər görülə bilər?
-Ciddi ədəbi nümunələr yaratmaq...
Ürək kəsdim, arıtdım,
Söz-söz sərib qurutdum,
Bir misranı unutdum
İçimdə balam öldü...
- Belə fikirlər dolaşır ki, ədəbiyyatda nəzmin rolu, gücü sarsılıb. Bu fikrə münasibətiniz necədir?
- Şeir içinə yıxılan qəbir daşları kimidir. Dərbənd, Təbriz, İrəvan, Şuşa qəbirstanlıqlarındakı soydaşlarımızın qəbirləri kimi…Şeir yazmaq vətənin tarixini torpaqla yuyub təmizləməkdir. Şeirin işi çox ağırdır.
- Jurnalistika ilə də məşğul olmusunuz. Bu gün yaşadığınız Quba şəhərində jurnalistikanlın, qəzetçiliyin səviyyəsini necə qiymətləndirirsiz?
- Hər yerdə olduğu kimi Qubada da qəzeti və jurnalistikanı sosial şəbəkə və ststus janrı üstələyib... Bir statusumu dostluğumda olan 5000 nəfərdən 1131 nəfəri paylaşmışdı.1131 nəfərin də hərəsinin dostluğunda orta hesabla min nəfər varsa, bu hardasa bir milyondan çox olur. Məncə, nə demək istədiyim bəllidir...
- Bu günlərdə 61 yaşınız tamam oldu. Bu münasibət ilə sizi "168 saat" qəzeti adından və öz adımdan təbrik edirəm. Yaşın, nəhəngliyin Sizə bəxş etdiyi müdrikliklə gənclərə nələri tövsiyə edərdiniz?
- "168 saat" qəzeti bugünkü qəzetlər bolluğunda öz yolunu, öz üslubunu qoruyub saxlamağı bacaran və oxucunun "ümidini qırmayan" nadir qəzetlərdən biridir. Mən də qəzetinizin rəhbərliyinə və kollektivinə təşəkkürümü bildirir və yeni-yeni uğurlar diləyirəm. Gənclərə tövsiyəm odur ki, Azərbaycanın bütövlüyünü qan yaddaşına həkk edib qələmə sarılsınlar, istedad, şəxsiyyət və zəhmətin vəhdətindən uzaq düşməsinlər. Qalan nə varsa, özü gələcək.
 
("168 saat" qəzeti)
Söhbətləşdi: Səbuhi Allahverdizadə

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...