Qazaxıstanda kəsişən maraqlar: Çin və ABŞ niyə susur? - ŞƏRH

Qazaxıstanda kəsişən maraqlar: Çin və ABŞ niyə susur? - ŞƏRH
"Qazaxıstan hadisələri başlayandan sonra, istər dünya, istərsə də yerli mətbuatda gah bu işi Qərbin, gah da Çinin, və ya Çinlə Rusiyanın birləşib etdiyi qeyd olunurdu. Amma burada nə Qərbin, nə də Çinin rolunun olduğunu düşünmürəm. Hətta Rusiyanın da mövqeyi bəzi məsələlərdə azdır”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Teymur Qasımlı deyib. Müsahibimiz qeyd edib ki, ilk növbədə Çinin Tokayev, o cümlədən Nazarbayevlə çox yaxşı münasibətləri var:

"Çinin Qazaxıstanda böyük investisiya layihələri də mövcuddur. Tokayev də çin dilini ana dili kimi yaxşı bilir. Onun 1975-ci ildən 1991-ci ilə qədər Sovetlərin diplomatı olaraq sonuncu iş yeri Çində  olub. Bu baxımdan düşünmürəm ki, bu işin arxasında Çin var. Son 2-3 gündə də, Çin Tokayevin və Qazaxıstan xalqının yanında olduğunu vurğuladı. Ancaq ötən günlərdə Çin artıq Tokayevə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi kontingentinin ölkəyə gəlməsi ilə bağlı məyusluğunu və narazılığını bildirib. Fikrimcə, istər Çin, istərsə də ABŞ bunun olacağını proqnoz edə bilməyiblər. KTMT sülhməramlılarının gəlməsini heç kim gözləməyib. Bu, qəfildən Tokayevin verdiyi qərardır, yoxsa Putinlə danışılmış oyundur bilinmir, lakin fakt odur ki, qərar var”.

Politoloq ABŞ-ın da Qazaxıstan məsələləri ilə bağlı qəflət yuxusunda olduğunu vurğulayıb:

"ABŞ dövlət səviyyəsində müəyyən fikirlər bildirir – Entoni Blinken və ya digər səlahiyyətli şəxslər vasitəsilə. Çinlə ABŞ-ın tam səssiz qalmasının səbəbi isə Qazaxıstanda şirkətlərinin olmasıdır. Orada həm Qərbin, ABŞ-ın, həm də Çinin yatırımları var. Bu baxımdan qorxurlar ki, təzyiq olunarsa, sözügedən şirkətlərin ölkədən çıxarılması barədə həm indiki hökumət, həm də Rusiya istək irəli sürə bilər. Eyni zamanda bu, Rusiya-Çin münasibətlərinə müəyyən zərbə vura bilər. Digər tərəfdən isə, Qazaxıstanda istər bilərəkdən, istər bilməyərəkdən Rusiyaya yeni bir cəbhə açıldı. Bu baxımdan ABŞ-la Çin hələ gözləmə mövqeyindədirlər – Hansı proseslərin getdiyini, işin arxasında kimin əli olduğu izlənilir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR