“Qarabağa elə bir axın olacaq ki...” – Məcburi köçkün olan jurnalistlərlə SORĞU

“Qarabağa elə bir axın olacaq ki...” – Məcburi köçkün olan jurnalistlərlə SORĞU
Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasının vacibliyini bildirib. Bu Böyük Qayıdışı hər kəs kimi, əslən azad olunmuş torpaqlardan olan bir çox media nümayəndələri də həvəslə gözləyir.

Sfera.az doğulduğu torpaqlara yenidən dönmək istəyən bir neçə qarabağlı jurnalistlə həmsöhbət olub.

Modern.az saytının baş redaktoru Əfqan Qafarlı indidən ata-baba yurdunda tikəcəyi evinin planının hazır olduğunu deyib:

"1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşmüşəm. Bütün yaxın ətrafım, qohum-əqrabam da həmçinin. Hamı 27 ildir, doğma torpaqlara qayıtmaq arzusu ilə yaşayıb. O cümlədən də mən. Mənim valideynlərim, qohumlarım Biləsuvarın ilan mələyən çölündə salınmış qəsəbədə məskunlaşanda oralar qup-quru yerlər idi. İndi həmin qəsəbələr güllük-gülüstanlıqdı. Qarabağ camaatı zəhmətsevərdi, yenə qayıdıb öz yerlərində cənnət quracaqlar. Ötən 27 ildə elə insanlar olub ki, doğma yurdunun həsrətini çəkməkdən vərəmləyib ölüb. Xeyli belə adam tanıyıram, Allah onlara rəhmət eləsin.

Yəni, kim o torpaqlara qayıtmayacaq, niyə qayıtmasın axı?. Ona görə ümumiyyətlə, "işğaldan azad edilmiş torpağınıza yenidən qayıdacaqsınızmı” sualının qoyuluşu ilə razı deyiləm. Sosial şəbəkələrdə də bəzi adamlar var ki, məqsədli şəkildə "Köçkünlər geri qayıtmayacaq" söhbətini ortaya atıb insanlarda qıcıq yaratmağa çalışır. Həm də bu söhbəti gündəmə elə adamlar gətirir ki, heç özləri Bakıya gəldikləri rayona, kəndə ayda-ildə bir dəfə baş çəkməyənlərdi.
 
Hətta qaçıb xaricə gedənlərdən biri də bu yaxınlarda belə bir status yazmış, Avropadan oturub köçkünləri məsxərəyə qoymuşdu. Adam doğma Vətəni atıb gedib Almaniyada kimlərinsə qucağına sığınıb, ordan camaatda qıcıq yaratmağa çalışır.

Xatırlayırsınızsa, Vətən müharibəsindən öncə tez-tez sosial şəbəkələrdə belə bir söhbət ortaya atılırdı: Qarabağı görməyən bu günün gənci necə vətənpərvər olacaq, döyüşməyə gedəcəkmi? Amma zaman göstərdi ki, heç də belə deyilmiş. Müharibə başladı və hamı gördü ki, heç vaxt Qarabağı görməyən, Qarabağdan qundaqda çıxan gənclər ora tank üstündə əsgər kimi qayıtdılar. O gənclər necə vətənpərvərlik nümayiş etdirdilər, şəhid və ya qazi olmaqdan çəkinmədilər. O şəhidlərimizə Allah rəhmət eləsin, qazilərə şəfa versin, biz onların borcundan çıxa bilmərik! İndi də görəcəksiniz, Qarabağa elə bir axın olacaq ki...

İnsanlar var ki, minaların təmizlənməyini gözləyir, quru torpağa qayıtmağa belə hazırdılar... O ki qala dövlətin quruculuq-abadlıq işlərindən sonra ola... Hələ üstəlik, iş yerləri açılacaqsa, bəzi güzəştlər veriləcəksə, niyə qayıtmasınlar?”.

İstanbulda fəaliyyət göstərən Mübariz İbrahimov adına Azərbaycan məktəbinin direktoru, jurnalist Məhsəti Şərif Türkiyədə yaşasa da, doğulduğu torpağa mütləq qayıdacağını söyləyib.

"Heç tərəddüd etmədən gedəcəm! 27 ildir, o torpağın həsrəti ilə yaşayırıq. Bu illərdə hər günümüz xatirələrlə kecirdi. Hazırda mən Türkiyədə yaşayıram, burada ailə qurmuşam. Ancaq tam səmimiyyətimlə deyə bilərəm ki, indidən ora gedib yaşamaq və işləməklə bağlı planlar qururam. İnsanın torpağından, yurdundan daha müqəddəs nə olar ki? Mən Ağdama dönəcəm. Ağdamda doğulub, böyümüşəm, ora mənim atamın yurdudur. Biz o torpaqda ata çırağımızı yenidən yandırmadan nə torpaq bizi bağışlayar, nə də atamın ruhu”.

"Kaspi" qəzetinin redaktoru, baş leytenant Məğrur Əliyev də böyük qayıdışı illərlə gözləyənlərdəndir.

"İlk öncə bu günləri bizlərə yaşadan dövlət başçımıza minnətdarlığımızı bildiririk. Nə xoş bizlərə ki, mən də bu vətən müharibəsinin canlı iştirakçısı oldum, şükürlər olsun nəticə qələbə ilə yekunlaşdı. Bu qələbədə mənim də payımın olmağı çox qürurvericidir. Bir də ona görə sevincliyəm ki, artıq 27 ildir düşmən tapdağında olan doğulduğum Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi işğaldan azad olundu. Mən yenidən uşaqlıq xatirələrimə geri dönəcəm. Doğma torpaqda yaşayıb, orda fəaliyyətimi davam etdirəcəm ”.

Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı Azərbaycan Ordusunun xalqımıza çoxdan gözlənilən qələbə sevincini yaşatdığını bildirib:

"Doğulduğum Zəngilan rayonu azad olunan ilk gündən bununla bağlı evdə də müzakirələr gedir. Əlbəttə, bu bizim çoxdankı arzumuz olub. Biz ordan qaçqın düşəndə altı nəfər idik, hazırda isə 14 nəfərik. Hər kəs kimi bizim də ailəmiz böyük qayıdışa hazırlaşır. Təəssüf ki, bəzən sosial şəbəkələrdə qaçqınlarla bağlı xoş olmayan fikirlər səsləndirilir. Guya qaçqınlar burda şərait qurub, yaxşı yaşayır. İndi bu şəraiti qoyub çətin o torpaqlara gedərlər, deyənlər də var. Başa düşmürlər ki, biz həmin şəraiti qaçqın düşməzdən öncə orda qoyub gəlmişik. Əminliklə deyə bilərəm ki, mən yenidən öz torpağıma qayıdıb, orada yaşayacağam ”.

"Ədalət” qəzetinin əməkdaşı Nicat Novruzoğlunun sözlərinə görə, doğma torpağa qayıtmaq, ata ocağının çırağını yandırmaq onun ən böyük arzusu olub.

"Sözsüz ki gedəcəm. Uşaqlığım, yeniyetməlik dövrüm Ağdamda keçib. Orta təhsilimi orda almışam. Mən ildə ən azı 5-6 dəfə Ağdamın işğal olunmayan kəndlərini ziyarət edirdim. Demək olar ki, bütün ətrafım Ağdamlılardır. Baxmayaraq ki, artıq 27 ildir ki, Bakıda yaşayıram. O vaxt bizim rayonumuz işğal olunan dövrdə indiki kimi rabitə vasitələri yox idi. İnsanların bir-birini tapması çox çətin idi. Buna baxmayaraq demək olar ki, bütün qonşularımızla, sinif yoldaşlarımla əlaqə saxlaya bildik. Bir- birimizi tapdıq. Bu əlaqələri qoruduq. Bilirsiz niyə? Çünki bilirdik ki, gec -tez Ağdama qayıdacağıq. Hər zaman buna inanmışıq. Bu inamla yaşayan insanlar sözsüz ki Ağdama dönməlidirlər. Ağdam həmişə bərəkətli rayon olub. İnşallah iş yeri də açılacaq, dövlətimiz bizlər üçün bütün şəraiti yaradacaq, dəstəyini verəcək və Ağdamı tikib -yaradıb inkişaf etdirəcəyik”.

Jalə Mehdi
Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR