Peyvəndin tapılması iqtisadiyyatı canlandırdı: Dollar ucuzlaşacaq, neft bahalaşacaq

Peyvəndin tapılması iqtisadiyyatı canlandırdı: Dollar ucuzlaşacaq, neft bahalaşacaq
Covid-19 virusuna qarşı hazırlanan peyvəndlərin effektiv olması ilə bağlı Rusiya, Almaniya, ABŞ, Böyük Britaniya və Çindən yaxşı xəbərlər gəlir. 
 
Son xəbərlərə əsasən, ABŞ-ın böyük dərman istehsalçısı olan "Pfizer” və Almaniyanın "BioNTech” firmasının birgə hazırladığı vaksin Covid-19-a qarşı 90 faiz səmərə verib. Sınaqlar göstərib ki, iki şirkətin birgə hazırladığı peyvənd virusun yayılmasını 90 faiz əngəlləyir. Bu peyvəndin sınaqlarında 43 538 nəfər iştirak edib və onlardan yalnız 94-də Covid-19 aşkarlanıb. 

Sınağın uğurlu olması şirkətlərin 2020-ci ilin dekabrından kütləvi istehsala başlayacağı və gələn il 1,3 milyard doz vaksin istehsal edəcəyi bildirilir.

ABŞ-ın "Moderna” biotexnologiya şirkətinin hazırladığı vaksin də sınaqdan uğurla keçib. Bu vaksun Covid-19-a qarşı 94,5 faiz səmərə verib.
Şirkət məlumat verib ki, 30 min könüllü üzərində aparılan təcrübənin nəticələrinə görə, "Moderna” peyvəndi Covid-19-un bütün simptomlarını qabaqlamağı bacarıb.

Peyvənd həmçinin Covid-19-un ağır hallarının da qarşısını ala bilib. Belə ki, peyvənd vurulan heç bir könüllüdə koronavirusun ağır halı aşkarlanmayıb.

Çin şirkətinin də hazırladığı peyvəndlərin sınağı yaxşı nəticələr verib. Çinin peyvənd istehsal edən "Sinovac" şirkətinin məhsuluna maraq böyükdür. Türkiyə ilkin olaraq Çin şirkətinin istehsal etdiyi peyvəndləri almağa hazırlaşır. 

Bununla bağlı Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Nazir bildirib ki, ilkin olaraq tibb işçiləri, daha sonra isə xroniki xəstəlikləri olan və digər risk qrupundakı şəxslər peyvənd olunacaqlar. F.Qoca Türkiyədə yerli peyvəndin sınaqlarının uğurlu olduğunu da vurğulayıb. Nazir koronavirusa qarşı yerli peyvəndlə bağlı nəticələrin qənaətbəxş olduğunu, son nəticənin 2021-ci ildə alınmasının mümkün olduğunu söyləyib. 
Qeyd edək ki, ekspertlər 50-60 faiz effektiv olan vaksini məqbul hesab edirlər. Amma sınaqdan keçirilən peyvəndlərin hamısı 90 faizdən yüksək nəticə göstərdiyindən onların kütləvi istifadəsi ehtimalı artır. 

Sfera.az bildirir ki, Covid-19 virusuna qarşı peyvəndlərin effektivliyinə dair xəbərlərin yayılması qlobal iqtisadiyyatda aktivliyin yüksələcəyi ilə bağlı ümidləri gücləndirir. Bunun əlaməti noyabr ayından müşahidə edilir. Noyabrın ilk həftəsindən başlayaraq əmtəə bazarlarında canlanma var. Qiymətli metallar istisna olmaqla bütün əsas əmtəələr bahalaşır. 

Azərbaycan üçün önəmli olan əsas əmtəə neftdir. Ölkəmizdən ixrac olunan Azeri Light neftinin qiyməti noyabrın 1-də 36 dollara satılırdı. Hazırda Azeri Light neftinin qiyməti 46,3 dollardır. Qısa müddətdə Azərbaycan neftinin dəyəri 10 dollar və ya 27,7 faiz artıb. 

Bu dövrdə dollar ucuzlaşıb. Dolların əsas valyutalara qarşı ortaq məzənnə dəyərini ifadə edən Dollar İndeksi ay ərzində 94,2 səviyyəsindən 92,3 səviyyəsinə qədər geriləyib. Bu müddətdə dolların məzənnə dəyərinin 2 faiz ucuzlaşdığı qeydə alınıb. 

Xarici investisiya şirkətlərinin bir çoxunun qənaətincə, ABŞ-dakı iqtisadi tənəzzül, faiz dərəcələrinin azalması, pandemiyanın fəsadlarına qarşı tətbiq edilən müxtəlif yardım və dəstək proqramları nəticəsində büdcə kəsirinin artacağı ehtimalları üzündən dollar daha da ucuzlaşacaq. Bəzi ekspertlərə görə dolların məzənnəsi hazırda həqiqi həddən 10 faiz yuxarı saxlanılır.

Onlar güman edir ki, post-pandemiya dövründə ABŞ iqtisadiyyatında aktivliyin artırılması və borcların qaytarılmasının asanlaşdırılması üçün dolların ucuzlaşdırılması vacib olacaq. Dollar ucuzlaşdıqda əksər əmtəələrin dəyəri yüksəldiyindən bu, əmtəə bazarlarında bahalaşmaya səbəb olacaq. Bahalaşma ABŞ-da inflyasiya səviyyəsinin yüksəlməsinə və dövlət gəlirlərinin artmasına şərait yaradacaq. Xarici analitiklər post-pandemiya dövründə ABŞ-ın digər ölkələrlə iqtisadi rəqabətdə uduzmaması üçün ucuz dollara ehtiyac olacağını düşünür. 

Dünya iqtisadiyyatında fəallığın artacağına dair ümidlərin güclənməsini qızılın ucuzlaşması da göstərir. Adətən qızıla sərmayə iqtisadiyyatlarda problem yarandıqda artır, iqtisadiyyatlarda müsbət dinamika müşahidə edildikdə isə azalır. Qlobal iqtisadiyyatın vəziyyətinin düzələcəyinə dair xəbərlər noyabrda qızılı davamlı ucuzlaşdırır. Noyabrda qızılın bir troyan unsiyasının (31,1 qram) dəyəri 1960 dollardan 1826 dollara qədər geriləyib. Ay ərzində qızıl 7 faizə qədər ucuzlaşıb. 

Beləliklə, sınaqdan uğurla keçən peyvəndlər kütləvi istifadəyə verilərsə, qısa müddətdə iqtisadiyyatlar sərbəst rejimə keçəcək və Azərbaycan üçün böyük önəm kəsb edən neftin dəyəri yüksələrək daha əlverişli səviyyə çatacaq.   

Vasif 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...